Gün ərzində Dubaya 1 milyon insan daxil olur və ya…
Dubay Beynəlxalq Aeroportuna ayaq basan kimi, o dəqiqə əsl Şərq ölkəsinə gəldiyini hiss edirsən. Ətrafda hər şey səni Azərbaycan reallıqlarından ayırır və səni min bir gecə nağılının personaylarından biri kimi təsəvvür etməyə kökləyir. Dubay özü şəhər kimi Bakıdan kiçik olsada Hava Limanı bizimkindən bir neçə dəfə böyükdür. Şəhərin inkişafı, gözəlliyi və böyüklüyünü hava limanındaca anlayırsan. Aeroporta daxil olan kimi insanın burnuna gülab qoxusuna bənzər iy gəlir. Şərqin isti havası isə aeroportun binasından çıxan kimi adamı öz ağuşuna alır. Hava limanında isə gözümüzə cürbəcür millətlərdən olan turistlər, aeroport işçiləri və milli geyimdə olan məmurlar dəyir.Qeyd edək ki, Dubaya qonaq vizası 60 günlük (uzatmaq olar), turist vizası 30 günlük, xüsusi giriş icazəsi isə 14 günlükdür. Ölkədə əlavə qalmaq üçün hər günə 28 dollar cərimə ödəmək lazımdır. Gün ərzində isə Dubaya təxminən 1 milyona yaxın insan daxil olur və ya şəhəri tərk edir.Aeroportda bizim üçün ayrılan avtobusa minib qalacağımız “Premier Inn” otelinə yolandıq. Avtobus otelə məxsusdur və hər yarım saatdan bir oteldən aeroporta və geriyə işləyir – otelin müştərilərinə pulsuz xidmət göstərir. Aeroport o qədər böyükdür ki, ərazini tərk etmək üçün təxminən 15-20 dəqiqə vaxt lazımdır.
Dubayda insanların üzündə gərginlik hiss olunmur
“Premier Inn” otelində bizi mehmanxananın gülərüz personalı qarşılayır. Ümumiyyətlə, Bakıdan fərqli olaraq Dubaydakı insanların üzündə gərginlik, aqressivlik hiss olunmur, həm yerli əhali, həm də turistlər çox sakit və səmimi görünürlər. “Premier Inn” otelində bizim üçün ayrılan fərdi otaqlarda yerləşirik. Oteldə quraşdırılmış iri plazma ekranlı televizorda 40 yaxın telekanala baxmaq mümkündür. Bunlara Birləşmiş Ərəb Əmirliyinin yerli telekanallarıyla yanaşı, “CNN”, “BBC”, “CNBC” kimi TV-lər də daxildir. Yerli telekanallarda müxtəlif ölkələrin filmlərilə yanaşı, Türkiyənin məşhur “Kurtlar vadisi-Pusu”, “Tək Türkiyə” və adını unutduğum teleseriallar ərəb dilində dublyajla nümayiş etdirilir.“Premier Inn” oteli Dubayın bahalı otellərindən sayılmasa da, xidmətləri, səliqəli və rahat olması ilə seçilir. Qeyd edim ki, Dubayda 1000-ə yaxın otel fəaliyyət göstərir. Burada qiymətlər də müxtəlifdir. Məsələn, “Premier Inn” otelində qiymətlər 80-100 dollardan (bir sutkalıq) başlayır. Ancaq bir gün üçün 2500 avro tələb olunan otellər də var. Dubayda öyrəndik ki, artıq insanlar daha çox qənaətcil otellərə üstünlük verirlər.
Taksi sürücüləri səni bütün şəhəri “gəzdirə” bilərlər
Səhər yeməyini oteldə yedikdən sonra Dubayla tanış olmaq üçün iki-iki, üç-üç şəhərə dağılışdıq. Qaldığımız otel mərkəzdən aralıda yerləşdiyindən şəhərə taksi ilə getmək məcburiyyətində qaldıq. Dubayda taksi sürücüləri əsasən pakistanlı və hindistanlılardır. Şəhərin hər yerində olduğu kimi, onlarla da ingiliscə danışmaq lazım gəlir. Dubayda taksilərin hamısında taksometr quraşdırılıb, nə qədər yazsa, o qədər də ödəyirsən. Ancaq şəhəri tanımırsan və ingilis dilini bilmirsənsə, taksi sürücüləri taksometrin artıq yazması üçün səni bütün şəhəri “gəzdirə” də bilərlər. Mən və Xəzər TV-nin operatoru Namiqi “gəzdirdikləri” kimi... Dubayın yollarına isə söz ola bilməz. Beş-altı, hətda səkkiz zollaqlı geniş və rahat yollarda avtomobillər sağa-sola şütüyürlər. Yollarda polisə nadir hallarda rast gəlmək olar. Adamda elə bir təəssürat yaranır ki, Dubayda ümumiyyətlə polis olmur. Haşiyə. Dubayda hava isti olduğu üçün insanlar gündüz saatlarında açıq havada o qədər də gəzmirlər. Yerli ərəblər lüks avtomobillərdən istifadə edir və bahalı villalarda yaşayırlar. Şəhərin xidmət sektorunda (yüksək vəzifələr istisna olmaqla) əsasən miqrantlar çalışır. Şəhərdə hindistanlı, çinli, pakistanlı və Afrikadan gələn miqrantlara addım başı rast gəlmək mümkündür. Adama elə gəlir ki, Dubayda yox Çinin, Hindistanın və yaxud da Pakistanın hansısa şəhərindəsən.
Adəm övladı nələrə qadirdir…
Premier İnn otelində nahar etdikdən sonra “Madinat Jumeirah” kompleksinə yollanırıq. “Madinat Jumeirah” Dubayın 5 ulduzlu mehmanxanalırndan sayılır. Kompleksin ərazisində ticarət mərkəzi, antiq əşyalar satılan hissə, süni yaradılmış göl həqiqətən də insanın zövqünü oxşayır. Komplekslə tanış olarkən Adəm övladının nələrə qadir olduğuna bir daha şahidlik edirsən. “Madinat Jumeirah”a əsasən xarici turistlər gəldiyi üçün burada qiymətlər nisbətən bahadır. Məsələn, burda hansısa bjuteriyanı (bəzək əşyası) Bakıda nisbətən ucuz qiymətə əldə etmək olar.
Dubayda ÇL-nın finalına baxmağın ayrı ləzəti var
Futbol azarkeşi olduğuma üçün Çempionlar Liqasının finalına baxa bilməyəcəyimi düşünürdüm. Ancaq qrup üzvlərindən mən və Eldar Premier İnn otelinə çatan kimi oyuna harada baxa biləcəyimizlə maraqlandıq. Öyrəndik ki, oyuna otelin barında baxmaq mümkündür. Axşam saat 22:30-da biz ingilis, ərəb və afrikalı futbol azarkeşləri ilə birlikdə böyük zövqlə oyunu izlədik. Bayram NİFTƏLİYEVBakı-Dubay-Bakı(ardı var)