Mədəniyyətin ən mühüm şərtlərindən biri – mədəni müxtəliflik və plyüralizmdir. Bu problem etnik, milli və ümumbəşəri miqyaslarda mədəni ünsiyyət və inteqrasiyanın təhlili üzərində qurulur. Mədəniyyətin təsiri və funksiyaları müxtəlif sivilizasiya tiplərində müxtəlif cür özünü göstərir. Bu da mədəniyyətin daxili məzmun və strukturunda mövcud olan dəyər oriyentasiyalarının fərqliliyindən irəli gəlir.
Milli-mədəni müxtəlifliyin təməl elmi prinsip, fakt və yanaşma metodu kimi əsaslandırılmasını dahi alman mütəfəkkiri İ.Herderin adı ilə başlayır. O, özünün, “Bəşəriyytəin tarix fəlsəfəsinə dair ideyalar” (1784-1791) əsərində bəşər cəmiyyətinin formalaşmasında mədəniyyəti ən mühüm faktor kimi vurğulamışdır. İ.Herderin fikrincə, məhz dində, dildə, sənətdə, elmdə təcəssümünü tapan mədəniyyət hər bir cəmiyyətin bənzərsizliyini, identikliyini şərtləndirir.
Müasir dünyada mədəniyyət müxtəlif lokal və milli-etnik mədəniyyətlərin qarşılıqlı təsiri nəticəsində formalaşan mədəni məkan və müstəvidə mövcud olmaqla üslüb, mentalitet, dəyər oriyentasiyaları və identiklərin mürəkkəb-çoxçalarlı naxışıdır.
Hər bir mədəniyyətə çoxçalarlılıq – polimorfizm xasdır. Artıq etnik səviyyədə mədəniyyətin xarici təsirlərə reaksiya nümayiş etdirmək, yaxud da daxili inkişaf qanunlarını müəyyənləşdirmək baxımından kifayət qədər müstəqilliyə, müxtəlifliyə malikdir. Bu müxətliflik milli və ümumbəşəri səviyyələrə yüksəldikcə daha sabit, dayanıqlı və möhkəm olur.
Professor Pəbiyyət Aslanova “Qloballaşma və mədəni müxtəliflik” monoqrafiyasında qeyd edir ki, mədəniyyətin strukturundakı hər bir komponent – mifologiya, elm, din, ədəbiyyat və s. – bu sistemin həlqələrini, eləcə də etnik-milli-ümumbəşəri səviyyə müstəvilərini təşkil edir.
Filosof M.S.Kaqan isə mədəniyyəti yalnız öyrənmək deyil, həm də qəbul etmək başqa mədəniyyətin mövcud olması kimi təbii tarixi fakt kimi qəbul etmək lazım olduğunu vurğulamışdır.
Etnologiyada yayılmış fikrə görə, “mədəni birlik” dedikdə müəyyən etnosu təşkil edən müəyyən toplum başa düşülür və burada mədəniyyət sosial həyatın bütün tərəflərini (siyasət, iqtisadiyyat və s. sahələrə ayrılmadan) əhatə edir. Yenə burada mədəniyyət dedikdə bütövlükdə cəmiyyət nəzərdə tutulur.
S.Xantinqton deyirdi ki, soyuq müharibədən sonra dünyada insanlar arasındakı ən mühüm fərqlər, nə siyasi, nə iqtisadi, nə də ideoloji fərqlərdir, bunlar mədəni fərqlər və müxtəlifliklərdir.
Mədəniyyətin etnik, milli və bəşəri səviyyələrinin formalaşmasında mədəni xüsusiyyət və amillərin oxşarlığı çox mühüm rol oynayır. Bu səviyyələrin fərqləndirilməsi “mədəni müxtəliflik” anlayışı məzmunu başa düşməyə kömək edir.
Etnik mədəniyyət müstəvisi məlum olduğu kimi etnosun formalaşmasında yalnız mədəni deyil, coğrafi (təbii mühit), sosial (sosial strukturların bənzərliyi), biososial (antropoloji tip kimi) və təsərrüfat faktorlarının da rolu böyükdür. Təbii mühit və başqa amillərin təsiri ilə insanların fəal münasibəti nəticəsində bəzi dil, adət, ənənə, məişət və psixoloji cəhətlərin ümummilliyi formalaşa bilir. Lakin istənilən insan birliyi, etnik özünüdərketmə şüuru, bu etnosa mənsubluq hissi formalaşdıra bilmirsə, onda bu birliyin parametrləri, mahiyyəti qeyri-müəyyən və dumanlı qalır.
“Etnik qrup” və ya “etnos” sözləri bəzi konseptual anlaşılmazlığı özündə əks etdirsə də müasir elmdə özünün, məxsusi, özəl tarixinin kollektiv, (ictimai şüur səviyyəsində) anlamı, dərki nəticəsində, dil, din, irq və milli identikliyə malik sosial qrupdur. Etnos bir neçə kollektiv identiklik formalarının daşıyıcısıdır. Bunlar mədəni, dini, milli, identiklik formalarıdır. Etnik spesifika və əlamətlər anlayışı mövcuddur. Buraya əsasən dil, mədəni adət, ənənə, norma və qaydalar, din, ərazi, tarix kimi amillər də daxildir.
Son illər mədəni özəllik və müxtəlifliyin etnik spesifika və əlamət kimi həlledici, mühüm amil olması, ümumi mədəni dəyərlərin əhəmiyyəti birmənalı şəkildə elmi ictimaiyyətin daha çox rəğbət bəslədiyi mövqedir.
Mədəniyytəin differensiyası gedişində dil, din, sənət, siyasi-mədəni təsisatlar və s. kimi identiklik nümunələrindən biri, sistem yaradıcı faktor qismində, konkret etnik birliyi başqasına münasibətdə təşkilatlandıran qüvvə rolunda çıxış edir.
Bu və ya digər amilin rolu və əhəmiyyəti əsasən nisbi xarakter daşıyır. Etnik mədəniyyətin hansısa bir xüsusiyyəti, başqa mədəniyyətdə bunun olmamasına rəğmən müxtəliflik və fərqliliyin əsas göstəricisi olur. Bu fərqli xüsusiyyət tarix boyu yalnız mədəniyyətlərin təbii mahiyyət əlaməti kimi deyil, onları ayıran ziddiyyət, qarşıdurma, özgəlik kimi başa düşülmüşdür.
Etnik mədəniyyətlərin qarşılıqlı ünsiyyəti daxilən ziddiyyətli prosesdir. Mədəniyyətdən bəhrələnmə inteqrasiya proseslərinə təkan verməklə bərabər, paralel olaraq etnik spesifikanın mühafizəsinə yönəlmiş özünüdərk şüurunda götür-qoy edilir.
“Etnik insan birliyi” səviyyəsi millətin formalaşması ilə yoxa çıxmır. Əksinə millətlərin əksəriyyəti üçün etnik mənsubiyyət – “milli hiss” fenomeninin mənbələrindən biridir. İnsanlar özlərini əsasən – mənşə, tarix və dil kimi kollektiv birlik və ümumilik hissi sayəsində fərqləndirirlər.
Çox hallarda biz elmi-kütləvi yaxud, publisistik ədəbiyyatda “etnik və milli mədəniyyət” anlayışlarının eyniləşdirilməsinin şahidi oluruq. Lakin yuxarıda qeyd olundu ki, insanların etnik birliyinin mənbəyi genetik xüsusiyyətlərin və təbii məişət şəraitinin ümumiliyi ilə fərqlənən ilkin qrupdur.
Azərbaycanın və “azərbaycançılığın” əzəməti bu müqəddəs diyarı öz Vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən də “azərbaycançılıığın” ortaq dəyər və sərvətlərə dayanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq duyanlar da həmişə olmuşdur. Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Azərbaycan dövlətinə, tarixinə və coğrafiyasına onların sürəkli sadiqliyi və mənsubluğu, bünövrədən bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən xəbər verir.
Xalqımızın tarixi kökləri taleyin hökmü ilə bütün dünyaya səpələnmiş ümumtürk etnosuna gedib çıxır. Bununla yanaşı, coğrafi və geosiyasi baxımdan həmişə bütün dünyaya açıq olmuş, ən müxtəlif mədəniyyətlər arasında sintez-qovşaq missiyasını daşımışdır.
Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə və əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən ən müxtəlif milli-etnik qrpuların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geopolitik və mədəni məkandır. Görkəmli alimlərin etirafı təsadüfi deyil. Y.A.Jdanov “Avrasiyanın günəş çələngi” əsərində (Moskva, 1999. səh 68.) yazır: “Planetdə başqa elə bir bölgə yoxdur ki, buradakı kimi onlarla xalq çox uzun müddətə və birlikdə yaşamış olsun. Bu füsunkar çoxçalarlıq bütün bəşəriyyətin dəyərli xəzinəsi hesab oluna bilər. Yəqin buna görədir ki, bu ölkənin ictimai elmi fikri millətlərarası münasibətlər, əməkdaşlıq və qarşılıqlı anlaşma probleminə dünyanın diqqətini bu qədər cəmləşdirməyə çalışır. Azərbaycanın tarixi təcrübəsi bu baxımdan dəyərli və intəhasızdır.”
“Azərbaycançılıq” ideyası etnik-milli və bəşəri müstəviləri əhatə etmək baxımndan yekcinsliyin təsdiqi deyil, müxətlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir.
Ölkəmizdə bir ailə kimi vahid tarixi tale, genetik-etnik yaddaş və münasibətlərin daşıyıcısı olan xalqlar: talışlar, ləzgilər, avarlar, kürdlər, tatlar və başqaları özlərini azərbaycanlı adlandırırlar. Bu xalqların mənəvi yaddaşı tarix boyu zərdüştlükdən başlamış dünyanın bütün əsas dinlərinin ən ülvi, bəşəri dəyərləri ilə daim zənginləşmişdir. Mədəniyyət və ünsiyyət tariximiz bizə ruhi-mənəvi böyüklüyün və əzəmətin çoxsaylı nümunələrini miras qoymuşdur. Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Diyarımızda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti – folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir.
Professor Rəbiyyət Aslanova “Qloballaşma və mədəni müxtəliflik” (Bakı 2004. Səh 255) kitabında qeyd edir: “Azərbaycanda etnik-müxtəlifliyi maraq və məqsədləri üçün istifadə etmək istəyən qüvvələr – həm daxildə, həm də xaricdə həmişə olmuşdur. Azərbaycanın əzəmət və qüdrətini sübut edən bu rəngarəng, “sosial-mədəni kapitalı” əleyhimizə yönəldənlərin son cəhdlərinin qarşısı, Azərbaycan xalqının böyük lideri, müdrik rəhərimiz Heydər Əliyev tərəfindən qətiyyətlə alındı.”
Azərbaycan Respublikası 2000-ci il, 16 iyunda Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin qərarı ilə ümumbəşəri dəyərlərə sadiq olduğunu təsdiqləyərək, insan hüquq və azadlıqlarına rəğbət bəsləyərək “Milli azlıqların müdafiəsi haqqında” Avropa və Çərçivə Kovensiyasına qoşulmağa dair qanun qəbul etmişdir. Konstitusiyamızın 25-ci maddəsində dilindən, dinindən, irqindən, mənşəyindən və s. asılı olmayaraq, dövlətin bütün vətəndaşların hüquq və azadlıqlarının təminatçısı olması təsbit olunmuşdur.
Azərbaycan dövləti təminat verir ki, onların ərazisində yaşayan milli azlıqlar hər cür təşkilat yarada bilərlər (mlli, yerli və beynəlxalq səviyyələrdə). Belə təşkilatların hüquqi vəziyytəini Konstitusiya və ya qanunlar tənzimləyir. Beləliklə, azlıqların təşkilatlarının fəaliyyətə başlaması cəmiyyətin demokratikləşməsi əlamətidir.
Azlıqların milli təşkilatlarının müxtəlifliyi ənənələrlə bağlıdır. Xüsusi etnik birliklər daha çox dini zəmində yaranır. Bu gün Azərbaycanda azlıqların təşkialtaları arasındakı münasibətlər qanunla tənzim olunur.
Bu gün Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi YUNESKO-nun, Avropa Şurası və ATƏT-in “mədəni müxtəlifliyə” dair proqramlarında fəal iştirak edir. Mədəniyyət Nazirliyi “Azərbaycan mədəni müxtəlifliyi” layihəsini hazırlamışdır.
Mədəniyyət Nazirliyin “Azərbaycanda mədəni siyasətə dair milli məruzə”si Avropa Şurasına təqdim olunmuş, Avropa Şurasının saytında yerləşdirilmişdir. Bir sözlə, Azərbaycan öz milli-etnik tərkibi ilə dünyanın ən nadir, özünəməxsus və mədəni sivilizasiyalarından biridir.
Müxtəlifliyin vəhdəti – etnik, milli və ya konfessional fərqlərin aradan qaldırılması demək deyil. Milli və bəşərin vəhdəti, Azərbaycan xalqının ortaq formalaşmasını, etnik şüurda hər bir qatın statusunu sezməyə imkan verir, özünün real, tarixi-mədəni varlığının subyektiv olmasına şərait yaradır.
Hazırda Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Onların arasında Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, “Saxur” Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin “Orayin” Mədəni Mərkəzi, Tatların “Azəri” Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Beynəlxalq “İudaika” Cəmiyyəti, Məhsəti Türklərinin Vətən Cəmiyyəti və s.
Milli azlıqların bu və ya digər strukturları dəfələrlə hökumətdən maliyyə yardımı alıblar. Eyni zamanda yerləşdikləri binalara görə icarə haqqı vermirlər. Dövlət onların müdafiəsini müxtəlif formalarda həyata keçirir.
Dövlət səviyyəsində milli-mədəni cəmiyyətlərlə görüşlər keçirilir və burada milli azlıqlarla bağlı konkret problemlər operativ həll olunur. Eyni zamanda mütəmadi olaraq elmi-praktiki konfranslar keçrilir.
Azərbaycanda məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr fəaliyyət göstərir. Müxtəlif dini icmaların satışı azaddır. Azərbaycanda 160 ildir ki, “Bibliya” çap olunur.
Bu gün respubilkada yaşayan milli azlıq və etnik qurupların mədəniyyətinin qorunması və inkişafı ilə bağlı konkret iş aparılır. Milli azlıqların mədəniyyətini, incəsənətini qorumaq, onu daha da inkişaf etdirmək, təbliğ etdirmək, qoruyub yaşatmaq məqsədilə Mədəniyyət Nazirliyi tədbirlər pılanı hazırlayıb həyata keçirir. Bu məqsədlə Gürcüstan, Dağıstan, Tatarıstan respubilkaları, onların ölkəmizdəki səfirlikləriilə əlaqə yaradılmışdır. Eyni zamanda azsaylı xalqları təmsil edən cəmiyyətlər, mədəniyyət mərkəzləri və ocaqları ilə qarşlıqlı iş qurulmuşdur. Nazirlik iş aparmaq üçün fəaliyyət proqramı tərtib etmişdir. Proqrama uyğun olaraq xalq kollektivi bazası əsasında Qusarda Ləzgi Dövlət Dram Teatrı, Qaxda Dövlət Kukla Teatrı açılmışdır. Həmin teatrların maddi-texniki bazası möhkəmləndirilmişdir.
Azsaylı xalqlara mədəni xidməti aparmaq üçün respubilkamızda fəaliyyət göstərən bədi özfəaliyyət kollektivlərinin milli azlıqların məskunlaşdığı Balakən, Qax, Zaqatala, Lənkaran, Astara, Lerik, Cəlilabad, Qusar, Quba, Xaçmaz, rayonlarına qarşılıqlı qastrollar təşkil olunur.
Azsaylı xalqların mədəniyyətini geniş təbliğ etmək üçün son illərdə Xaçmaz və Lənkaran zonalarında mədəniyyət işçilərinin seminar-müşavirələri keçirilmişdir.
İmam Şeyx Şamilin Balakəndə keçirilmiş yubileyi tədbirində avar xalqlarının etnoqrafiyasını, incəsənətini əks etdirən sərgi təşkil etdirilmişdir.
Azsaylı xalqların həyatını daha geniş əks etdirmək üçün mədəniyyət evləri nəzdindəki metodkabnetlərdə xüsusi guşələr açılmışdır.
Bütün bunlarla yanaşı, azsaylı xalqların folklorunun mədəniyyətinin geniş təbilği üçün bədii özfəaliyyət kollektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. Bu qəbilədən olan bir çox xalq kollektivləri nəinki respubilkamızda, eyni zamanda bir çox xarici ölkələrdə də məşhurdurlar.
Saatlının “Adıgün” türk, Cəlilabadın “Ruçeyok” rus, Qaxın “Şividkatsa” gürcü, Zaqatalanın “Ceyranım” saxur, Qubanın tat, yəhudi, Qusarın “Trillo”, “Şahnabat”, “Mel”, “Qayıbulaq”, “Şahdağ”, rayonun İmamqulu və Qələcuq kənd mədəniyyət evlərinin “Dustaval” və “Melodiya” ləzgi, Laçının kürd, Balakənin “Xoylo” avar, Lənkəranın “Şənlik”, həmin rayonun “Siparadı” kənd mədəniyyəti evinin “Bacılar” foloklar mahnı və rəqs, Masallı rayonu Mahmudavar kənd mədəniyyət evinin “Halay”, Lerik rayonunun “Laqutto”, Astaranın “Sevinc” talış, İsmayıllı rayonu İvanovka kənd mədəniyyət evinin malakan, Bakı şəhərindəki “Gözəlim” tatar bədii özfəaliyyət kollektivləri bu qəbilədəndir.
Azsaylı xalqları təmsil edən həmin kollektivlər nəinki rayon tədbirlərində, eyni zamanda respubilka tədbirlərində fəal iştirak edir, təmsil etdikləri xalqların folklorunu təbliğ edirlər.
Mədəniyyət müəssələrində fəaliyyət göstərən bir çox azsaylı xalqlar qonşu rayonlarla yanaşı, xarici ölkələrdə də qastrol səfərlərində olurlar. Qax rayon xalq teatrının Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Gürcüstan Respubilkası Laqodexi, Marneuli, Dmanisi, Batumi, Qori şəhərlərinə, Zaqatala rayon xalq teatrının “Avar”, “Saxur” kollektivlərinin qonşu rayonlara, Lənkəran rayonunun “Şənlik”, Astaranın “Sevinc”, “Əfsur” talış mahnı və rəqs ansambıllarının İran, Türkiyə və İraq səfərləri olmuşdur.
Milli azlıqların bədii kollektivlərinə diqqət və qayğı Mədəniyyət Nazirliyinin fəaliyyətində xüsusi yer tutur. Bir çox kollektivlər zaman-zaman nazirlik tərəfindən geyim, müsiqi alətləri və texniki vasitələrlə təchiz olunurlar.
Hələ 27-28 iyun 2002-ci il tarixdə Mədəniyyət Nazirliyi və ATƏT-in Azərbaycandakı Ofisinin birgə təşəbbüsü ilə “Azərbaycanın mədəni çeşidliliyi” adlı elmi-praktiki konfrans keçirilmişdi. Konfransda sabiq mədəniyyət naziri Polad Bülbüloğlu və ATƏT-in Bakıdakı ofisinin sabiq başçısı Piter Burxard çıxış edərək Azərbaycanda milli azlıqların adət-ənənələrinin vəziyyətindən danışmışlar.
Tədbirdə həmçinin “Arqo” Yunan Cəmiyyəti (Svetlana Xanbutayeva), gürcü icması (sədri R.Qvaladze), “Sodrujestvo” Cəmiyəti (sədri E.Qorin), “Samur” Ləzgi İcması (sədr M.Muradağayev), Avropa yəhudiləri dini icması (sədr M.Bekker), Ukrayna icması (sədr A.Parxamenko), Lak icması (sədr Ş.Kalayev), Axıska türklərinin “Vətən” cəmiyyəti (sədr N.Həsənov), Yəhudi Qadınlarının Humanitar Assosiasiyası (sədr L.Reyxurdel), Kürd icması (Ə.Əpiyev), “Azərbaycan –İsrail” Cəmiyyəti (sədr E.Çernin), Rus icması (sədr müavini V.Tatarenkov), Azərbaycan-Tatar icması (sədr Ş.Vəliəhmədov), Azərbaycan–Polşa Beynəlxalq Mədəniyyət Mərkəzi (prezidenti G.Abdullabəyova), Dağ Yəhudilərinin Dini Icması (S.Şalmeyev), “Kapelhaus” Azərbaycan–Almaniya Mədəniyyət Mərkəzi (sədr N.Heydərova), Lak icması (Ş.Yecizarov), Udin cəmiyyəti (Z.Kanançev) və başqa milli azlıqların mədəni mərkəzlərinin nümayəndələri çıxış etmişlər.
Respublikamızda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, həmçinin tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə 2008-ci ilin oktyabrın 8-dən başlayaraq 9-na kimi “Azərbaycan doğma diyar” devizi altında ilk Azsaylı Xalqların 2-ci Respublika İncəsənəti Festivalı start götürmüşdü. Festival işinə “Milli azlıqların irsinin qorunması” adlı Dəyirmi masa ilə başlamışdı.
“Azərbaycan tolerant ölkədir və bizim ölkədə yaşayan azsaylı xalqlar arasında heç-bir ayrı seçkilik yoxdur, onların maddi və mənəvi sərvətləri qorunub saxlanılır”. Bu sözləri konfransda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva deyərək əlavə etmişdi ki, dövlətimiz tərəfindən azsaylı xalqlara hər zaman diqqət və qayğı göstərib.
Konfransda bildirilbişdi ki, onların malik olduğu bütün irs xalqımızın mili sərvətidir. Respublikamızda keçilən bütün mədəni tədbirlərdə azsaylı xalqların yaradıcı kollektivi yaxından iştirak edir.
Konfransda çıxış edən azsaylı xalqların icma başçıları və nümayəndələri də Azərbaycan dövlətinin onlara göstərdiyi diqqətdən məmnunluqlarını bildirərək, vurğulamışlar ki, bu festivalın keçirilməsi, mədəniyyətin inkişafında əhəmiyyətli dönüş yaradacaq. Həmçinin konfransda azsaylı xalqların mədəniyyət nümunələri və folklorunun təbliğ olunması, həmçinin yaradıcılıqlarının araşdırılması və lüğətlərin çapı kimi məsələlər də müzakirə olunmuşdu.
Festivalda Lənkəran, Astara, Masallı və Balakəndən başlayaraq respublikanın 10-a yaxın müxtəlif bölgəsində yaşayan azsaylı xalqların yaradıcı kollektivlə iştirak etmişdi. Ümumilikdə isə 500-ə yaxın nümayəndə heyəti ilə bu tədbirə qatılan 150 yaradıcı kollektivin Musiqili Komediya teatrında çıxışlarına baxış keçirilmişdi. Festivalın son günü “Azərbaycan doğma diyar” II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı yekun konserti ilə başa çatmışdı.
Azsaylı xalqlar respublika tədbirlərində də yaxından iştirak edirlər. Bu günə kimi onlar “Kitabi - Dədə Qorqud – 1300”, Novruz bayramları, Beynəlxalq Ahıllar günü, Müstəqillik, Dirçəliş günlərinə həsr olunmuş tədbirlərdə fəal iştirak etmişlər.
“Xalqlar Dostluğu və bu gün ona münasibətimiz” mövzüsünda keçirilçn görüşlər çərçivəsində bir çox mədəniyyət və istirahət parkları, o cümlədən Bakı şəhərindəki “Milli park”, Şəki, Zaqatala, Lənkəran, Qusar, Quba, Balakən, Cəlilabad, Masallı mədəniyyət və istirahət parklarında azsaylı xalqları təmsil edən bədii özfəaliyyət kollektivlərinin çıxışları olmuşdur.
Son zamanlar xalq sənətkarlarının əl işlərinə I və II respubilka baxış müsabiqələrində azsaylı xalqların əl işləri də nümayiş etdirilmişdir.
Azsaylı xalqların bir çox bədii özfəaliyyət kollektivlərinin pəhbərlərinə fəxri adlar verilmişdir. Məsələn S.Xalidov (türk), L.Laşkova (rus), Ş.Şərifov (ləzgi), C.Əliyev (talış), Z.Poladaşvili (gürcü) “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür.
Dünən olduğu kimi, bu gün də Astara, Qax və Qəbələ rayonlarında milli adət-ənənələrin qorunub saxlanması sahəsində bir sıra işlər görülür. Bu rayonlarda əhalinin əsas hissəsini azərbaycanlılar təşkil etsə də, burada ləzgilər, ruslar, talışlar, gürcülər, udinlər və başqa xalqlar da yaşayırlar. Bu bölgələrdə azərbaycanlılarla yanaşı, həm də azsaylı xalqların nümayəndələri ilə bağlı tədbirlər keçirirlər. Azərbaycan şairlərinin yubleyləri ilə yanaşı, gürcü xalqının nümayəndələri İ.Çavçavadezi, Ş.Rustaveli, udin xalqının nümayəndəsi Q.Voroşilin yubleyləri qeyd edilmişdir.
Milli tərkibindən asılı olmayaraq Astara rayon Mərkəzi Mədəniyyət Evinin “Sevinc”, Kokolos kənd Mədəniyyət Evinin “Arzu”, şəhər Mədəniyyət Evinin “Çeşmə”, incəsənət məktəbinin “Meh” insturmental ansanbılları, Əlibəyli kənd Mədəniyyət Evinin gürcü xoru, xalq teatrı, Qaxbaş, Qax-gürcü kənd mədəniyyət evlərinin gürcü xoru və rəqs qrupu, Qəbələ rayonunda fəaliyyət göstərən folkolr kollektivləri, kəndirbazlar qurupu, zurnaçılar dəstəsi, “zopu-zopu” xalq kollektivi həmin bölgədə milli adət-ənənələrin təbliğində mühüm rol oynayırlar.
Rayon mərkəzlərində keçirilən xeyriyyə marafonları, 20 yanvar və Gürcüstanda baş vermiş 9 aprel faciələrinin qeyd olunması, Astarada keçrilən “Talış toyu”, “Xınayaxdı”, “Biçin”, “Bahar”, “Dostluq görüşlari” kimi kompozisiyalar həm də milli azlıqlırın adət-ənənələrini təbliğ edir. “Sevinc” mahnı və rəqs ansambıllarının talış milli azlığının adət-ənənələrinin, milli rəqs və mahnılarının təbliği sahəsində böyük rolu var. Kollektivin Tacikistan, Qazaxstan, Bolqarıstan, Gürcüstan, Rusiya və Türkiyədə çıxışları bunun əyani sübutdur.
Astara və Qax rayon tarix-diyarşunaslıq muzeylərində milli adət-ənənələri əks etdirən sərgilər təşkil edilmiş, bölgədə yaşayan azsaylı xalqların mədəniyyətinin təbliğinə diqqət yetirilmişdir. Bu gün də Astarada “Məhsul”, “Əkinçi”, “Şum” bayramları, kitab sərgiləri keçirilir.
Xaçmaz rayonunun “Xəzər” xalq çalğı alətləri ansambılı, “Murad” folklor ləzgi ansambılının qonşu Dəvəçi, Siyəzən, Quba, Xızı və başqa rayonlarda qastrolları da maraq doğurmuşdur.
Bu araşdırma “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli azlıqların sosial-mədəni inkişafının dəstək” layihə çərçivəsində hazırlanıb.