|
Bu gün İranın İsfahan əyalətinin Xomeyni Şəhr şəhərində qrup halında zorlama həyata keçirməkdə günahkar bilinən 4 nəfər edam edilib. «KƏLAMİNFO» «Fars» agentliyinə istinadən xəbər verir ki, avqust ayında Xomeyni Şəhr məhkəməsi qrup halında zorlamada iştirak edən 9 nəfərdən dördünü günahkar sayaraq, onlar barəsində edam hökmü qərarı çıxarıb. Üç nəfər isə 50-75 şallaq cəzasına, eləcə də 5 ildən 15 ilə qədər həbs cəzasına məhkum ediliblər. Edam edilənlərin cinayəti həyata keçirməkdə günahları sübuta yetirilib. Yerdə qalan üç nəfər isə onlara kömək etməkdə günahkar biliniblər. İki nəfər isə günahları sübuta yetirilmədiyindən azadlığa buraxılıb.
Məlumata görə, may ayında Xomeyni Şəhr şəhərində bir qrup kişi qəbul keçirilən evə daxil olaraq kişiləri bir otağa yığaraq mərasimdə olan qadınları zorlayıblar. İyun ayında baş prokuror Qulam Hüseyn Mohseni-Ecey məlumat vermişdi ki, cinayətdə iştiraka görə 14 nəfər həbs edilib və onlara qarşı qrup halında zorlama ittihamı irəli sürülüb.
|