Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Məqələlər
»
Məqalələr
» Milli və dini tolerantlığın tarixi inkişaf mərhələləri
27.03.12 18:18
Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Azərbaycan qanunları mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Dövlət mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir.
Milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakları Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. Bu baxımdan Azərbaycanda ruslar, ermənilər, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlar; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi azsaylı xalqlar; Ahıska türkləri, tatlar, lahıclar, buduqlar, qrızlar, haputlar, ceklər, xınalıqlar, ingiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlar mehriban şəraitdə yaşayırlar.
Tarixdən bu günə...
Ayrı-ayrı dövrlərdə Azərbaycanın feodal dövlətləri öz ərazilərini genişləndirərkən Yaxın və Orta Şərqin, Şimali Qafqazın və Orta Asiyanın bir sıra xalq və etnik azlıqları qrup halında Azərbaycanın indiki ərazilərinə köçürülmüşlər. Eləcə də, istər Azərbaycana sasanilərin, ərəblərin və monqolların yürüşlərindən, Orta Asiya türklərinin növbəti gəlişindən, istərsə də Azərbaycanın Rusiya tərəfindən işğalından sonra bu əraziyə köçürülmüş tayfalar və etnoqrafik qruplar talelərini əbədi olaraq Azərbaycanla bağlamışlar. XIX əsrin ortalarından başlayaraq, neft sənayesi mərkəzinə çevrilən Bakıya, həmçinin təbii sərvətləri ilə zəngin olan Gəncə quberniyasına çörək pulu dalınca gələn müxtəlif xalqların minlərlə nümayəndəsi də həmişəlik olaraq bu ərazilərdə məskunlaşdılar.
Müstəqil Azərbaycanın ilk illərində məhz milli məsələlərlə bağlı ictimai-siyasi durum daha çox narahatçılıq doğururdu. Respublikamızda yaşayan xalqlarla bağlı yeni uydurulan, qondarılan hər bir məsələyə milli don geyindirmək cəhdləri ağır və sarsıntılı nəticələr vermişdir. Milli əlamətlərə görə siyasi partiya yaradanların, "sadval"çıların ideya silahdaşlarının, "Talış-Muğan Respublikası" xülyası ilə yaşayanların və bu qəbildən olan digərlərinin xam xəyallar aləminə qapanmaları respublikamızda ictimai-siyasi tarazlığı pozsa da, bu problem tez bir zamanda aradan qaldırıldı.
1990-cı ilin aprel ayında Bakıda azsaylı xalqların problemləri ilə daha intensiv məşğul olmaq üçün dövlət orqanları rəhbərləri, nazirlik və idarələrin, elmi müəssisə və yaradıcılıq ittifaqlarının, ictimai təşkilatların iştirakı ilə müşavirə keçirildi. Müşavirə milli azlıqlarla iş sahəsində yeni istiqamətlər açdı.
“Azərbaycan Respublikasında yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq azadlıqlarının qorunması, milli dil və mədəniyyətlərin mühafizə edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanından sonra yerli hakimiyyət orqanları milli azlıqların işi sahəsində daha geniş fəaliyyət göstərməyə başladılar.
1992-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında Milli Münasibətlər İnstitutu yaradıldı. Azərbaycanın etnik tarixi məsələlərini, etnosların dil problemlərini, tarixi və mədəniyyətlərini öyrənən institutları, milli-mədəni mərkəz və cəmiyyətlər ölkədə aparılan milli siyasəti müxtəlif yönlərdən tədqiq edirdi.
1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələri və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi ənənəvi görüşlərinin birində demişdir: “Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar…”
1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası (25-ci və 44-cü maddələr) mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir, hər kəsə milli mənsubiyyətini qoruyub saxlamaq hüququ verir.
2001-ci il noyabrın 1-də Prezident Heydər Əliyev Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına uyğun olaraq Azərbaycanın qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ilkin hesabatın hazırlanması və təqdim edilməsi barədə Sərəncam imzaladı.
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu yarandıqdan sonra bu qurumun bölgələrdə yaradılan ofislərinin biri də milli azlıqların kompakt yaşadığı Quba rayonu ərazisində fəaliyyət göstərməyə başladı. Ombudsman Elmira Süleymanova bizimlə söhbətində bildirdi ki, əhalisinin sayı 9 milyonu keçən Azərbaycanda 90-a qədər milli azlıq nümayəndəsi yaşayır. Bu isə dini müxtəlifliyə zəmin yaradır: “Yüz illiklərdir Azərbaycanda azsaylı xalqlar bütün proseslərdə bərabər hüquqlarla iştirak edirlər. Onlar üçün heç bir ayrı-seçkiliyə yol vermədən bərabər imkanlar yaradılıb. Azərbaycanda ombudsman təsisatının fəaliyyət göstərdiyi 9 il ərzində bir dəfə də olsun milli zəmində şikayət almamışam”.
Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunurlar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Mərkəzi Seçki Komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışırlar.
Milli azlıqların sosial-mədəni inkişafı...
Azsaylı xalqların mədəni-maarif inkişafı tarixində Azərbaycanın müəyyən təcrübəsi var. Burada 20-ci illərdə milli məktəblər və mədəniyyət ocaqlarının açılması, öz milli dillərində qəzet, kitab və dərsliklərin nəşri, milli aktyor truppaları, əlifba yaradılması sahəsində müəyyən işlər görülmüşdür. 1932-1933-cü illərdə respublikanın məktəblərində dərslər 16 dildə tədris olunurdu (rus, erməni, ləzgi, talış, tat və s.).
Müstəqillik illərindən sonra milli azlıqlara qarşı münasibət müsbətə doğru xeyli dəyişdi. Azsaylı xalqların dillərinin tədrisinə kömək məqsədi ilə “Talış dilinin tədrisinə dair”, “Ləzgicə-Azərbaycan-rusca lüğət” və Tat dilində “Əlifba” dərsliyinə dair metodik rəhbərlik” adlı kitablar məktəblərin istifadəsinə verildi.
2005-ci ildə “Azərbaycanda milli azlıqlar üzrə təhsil siyasəti” mövzusunda Avropa Şurası və Azərbaycanın birgə yekun hesabatı dərc olundu. Hesabatda Azərbaycanda milli azlıqlara öz dillərində təhsil almaları üçün bütün lazımi şəraitin yaradılması xüsusi qeyd edilmişdir.
Respublikamızda yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycan dövlət dilini bilir və onların təqribən beşdən dördünü rus dilini də bilir. Əlbəttə ki, bu dillərə real yiyələnmək səviyyəsi fərqlidir, amma görünür ki, etniklərarası ünsiyyət üçün kifayətdir.
Milli azlıqların dillərində onlarla qəzet və jurnallar nəşr olunur. Hər gün onların dillərində (kürd, ləzgi, talış, gürcü, rus və erməni) radio və televiziya proqramları yayımlanır. Balakən rayonunda avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində, Qusar və Xaçmaz rayonlarında yerli televiziyada ləzgi dilində verilişlər yayımlanır. Bakıda rus, kürd, ləzgi və talış dillərində qəzetlər nəşr olunur.
Bu gün Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyi YUNESKO-nun, Avropa Şurası və ATƏT-in “mədəni müxtəlifliyə” dair proqramlarında fəal iştirak edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın həmişə ürək açıqlığı, qonaqpərvərliyi, hər millətə, dinə hörmətlə yanaşması ilə seçildiyini vurğulayıb: “Azərbaycan gerçəkliyini, tolerantlığını hər bir azərbaycanlı ilə təmasda hiss etmək mümkündür. Hansı millətə mənsub olmasından asılı olmayaraq, Azərbaycanda yaşayan insan ilk növbədə Azərbaycan vətəndaşıdır”.
Milli azlıqların nümayəndələri ilə söhbətlərdən aydın olur ki, onlar Azərbaycandakı etnik azlıqların, demək olar ki, hamısını qonşu və dost qəbul edirlər. Milli azlıqların əksəriyyəti etnik azlıqlara özünəməxsusluğunu qorunub saxlaması üçün yardım göstərilməsi üzrə dövlət tədbirlərini bəyənirlər.
Beynəlxalq qurumların Azərbaycanda
milli azlıqlarla bağlı siyasətə münasibəti
Azərbaycanda 1996-cı il 31 may tarixindən qoşulduğu İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, Aparteidin qarşısının alınması və onun cəzalandırılması, Genosidin qarşısının alınması və onun cəzalandırılması haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq olunur.
2000-ci ilin iyun ayında Azərbaycan Avropa Şurasına üzv olmamışdan çox-çox əvvəl Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyasına qoşulub. Konvensiyanın 25-ci maddəsinə əsasən Azərbaycan 2002-ci il iyunun 4-də milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının qorunmasına dair vəziyyət barədə Milli Hesabatını təqdim etmişdir. Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə sözügedən hesabatın baxılması məqsədilə xüsusi işçi qrupu tərtib etmişdi. Bu qrup Milli Hesabatı yoxlamaq məqsədilə 2003-cü il martın 29-dan aprelin 4-ə qədər Azərbaycana səfər etmişdir. Bu tədbirlər Azərbaycanın milli azlıqlara yönəlmiş siyasətinin beynəlxalq standartlara cavab verməsinin əyani göstəricisidir.
Azərbaycan ATƏT kimi başqa beynəlxalq təşkilatlarla da milli azlıqlar məsələsində əməkdaşlıq edir. ATƏT-in Milli azlıqlar üzrə Ali komissarının siyasi müşaviri milli azlıqların hüquqlarının qorunmasına dair vəziyyətə müşahidə etmək məqsədilə Azərbaycana bir neçə dəfə səfər etmişdir.
Beynəlxalq qurumların da Azərbaycanda milli azlıqlarla bağlı siyasətə münasibətləri son bir neçə ildə müsbət olub. 2002-ci ilin oktyabrında Strasburqda Avropa Şurasının baş katibi V Şvimmerin iştirakı ilə Azərbaycanda milli azlıqlarla bağlı dövlət siyasəti məsələsinə həsr olunmuş ayrıca müzakirələr aparılmışdı. Həmin müzakirələrin nəticəsində Azərbaycanın milli siyasətini bəyənən və müsbət qiymətləndirən Avropa Şurası bu səpkidə müzakirələrin digər dövlətlərin də iştirakı ilə aparılması qərarına gəlmişdi.
Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycanda mədəni siyasətə dair milli məruzəsi” Avropa Şurasına təqdim olunub, Avropa Şurasının saytında yerləşdirilib.
Cənubi Qafqaz ölkələrində mədəniyyətlərarası və dinlərarası dialoq üzrə tədris layihəsi Avropa Şurası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında 2007-2009-cu illər üzrə Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilmişdi. Layihənin əsas məqsədi Azərbaycanın təhsil müəssisələrində mədəniyyətlərarası və dinlərarası dialoqun tədrisi prosesinin təkmilləşdirilməsi, bu sahə üzrə kurikulumların və müəllimlər üçün tədris vəsaitinin hazırlanmasıdır.
Müstəqil Azərbaycanda dini tolerantlıq
Azərbaycanın din sahəsində apardığı siyasət fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulub. Dövlətin din sahəsində siyasəti beynəlxalq hüququn prinsipləri və normalarına, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır. Azərbaycanda hökumətin din sahəsində apardığı siyasət, vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrələrini verməkdədir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr də fəaliyyət göstərir. Müxtəlif dini icmaların fəaliyyəti azaddır. Azərbaycanda 160 ildir “Bibliya” çap olunur. Azərbaycan Prezidentinin ayırdığı vəsait hesabına “İohan” Kilsəsi bərpa olunub. Müstəqillik illərindən etibarən 5 gürcü, 5 rus və 1 udin pravoslav kilsəsi fəaliyyət göstərir.
2009-cu ilin sentyabr ayından dini qurumların ilkin qeydiyyatı ilə yanaşı, əvvəllər qeydiyyatdan keçmiş dini qurumların yenidən qeydiyyatdan keçmə prosesi başlamışdır. Ötən iki il ərzində 570 dini qurum yenidən və ya ilk dəfə dövlət qeydiyyatından keçmişdir. Onlardan 20 dini qurum qeyri-islam təmayüllüdür. 30 dini qurumun qeydiyyatına imtina sərəncamı verilmişdir, lakin onlardan 2-si imtinaya səbəb olmuş nöqsanları aradan qaldırdığından qeydiyyatdan keçmişdir. Sənədləri qanunvericiliyin tələbinə uyğunlaşdırmaq üçün 191 islam təmayüllü dini icmanın sənədi Qafqaz Müsəlmanları İdarəsinə geri qaytarılmışdır.
Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə bizimlə söhbətində bildirdi ki, indiki zamanda Azərbaycanda dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir: “Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti hökm sürür”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirdilər ki, dövlət ölkədə dini qurumların məsələlərinin həlli, dövlət-din münasibətlərinin daha da tənzimlənməsi və vicdan azadlığının tamamilə bərqərar olunması istiqamətində səylərini əsirgəmir.
Niyaz NİFTİYEV
URL / WWW
http://www.kelam.az/article/a-5987.html