Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Məqələlər
»
Məqalələr
» Ailə zorakılığı, yoxsa...
09.11.11 18:05
Bu adamla söhbətimizin baş tutmasına nə qədər sevindimsə, görüşəndən sonra bir o qədər də məyus oldum. Çünki əvvəldən məhbuslar və ya məhbusələr barədə müəyyən təsəvvürlərim olmasına baxmayaraq, söhbətimizin bu şəkildə başlanacağı ağlıma gəlmirdi.
Bir qəza ilə dönən tale
Adı Səmayədir. Soyadını müəyyən səbəblər gətirərək demədi, mən də heç israr etmədim. 1968-ci ildə Azərbaycanın Şuşa şəhərində müəllim ailəsində anadan olub. Elə özü də Bakıda Pedaqoji Universiteti bitirib. Azərbaycan dili və ədəbiyyatı müəlliməsidir. Amma özü haqqında söyləyəcəklərini, deməmişdən əvvəl heç bir Azərbaycan qadınına, özü də müəlliməyə heç vaxt arzulamadığını dönə-dönə vurğuladı...
...Səmayə arzuladığı ali məktəbə girsə də həyat yolu arzuladığı kimi davam etmir. O, Bakıda oxumağı planlasa da qayıdıb doğma Şuşada dərs deməyi düşünürmüş. Lakin bu, elə arzu olaraq da qalır.
Nədənsə baiskar kimi özünü görür. Bu, bəlkə də söhbətimiz zamanı da aydınca hiss olunan onun psixoloji sarsıntısından irəli gəlirdi...
Qayıdıb Şuşada işləmək arzularının isə ayrıca səbəbi olub. Ailədə iki bacı olublar. Altıncı sinifdə oxuyarkən Ağcabədidən toydan qayıdan atam ilə anam şəhərin girişində avtomobil qəzasında vəfat etdilər. Hər şey o qədər gözlənilməz oldu ki, iki bacı bir müddət nə edəcəyimizi bilmədik. Bir müddət əmimin köməkliyi ilə yaşadıq. O vaxt Sovet dövrü idi, hökumət də bizə baxırdı. Ancaq bir gün şəhərdən mənim tanımadığım bir oğlan bacımı götürüb qaçdı, evləndilər. Qaldım tək. Qonşular şəhər sovetinin məsləhəti ilə məni Xankəndinə uşaq evinə verdilər. Artıq on dörd yaşım vardı. Xankəndində az qaldım. Bakıdakı uşaq evlərinin birinə göndərdilər. İnternatı bitirən kimi sənədlərimi arzuladığım kimi APİ-ə (indiki Pedaqoji Universitet) verdim və qəbul oldum. Tələbəliyim çox bənzərsiz keçirdi. Həm əlaçı, həm də çox fəal idim, qrup nümayəndəsi seçilmişdim. İrəli çəkilirdim. Atalı-analı, hətta “yaxşı qohumları” olan tələbələr mənə həsəd aparırdılar. Üçüncü kursda oxuyanda qəflətən başqa fakültədən olan bir oğlan qrupumuzun qapısı ağzında peyda olmağa başladı. Az keçməmiş onun tarix fakültəsindən olduğunu, bura mənə görə gəldiyini öyrəndim. Oxuduğum yerin oğlanlarından birinin ilk dəfə mənə belə diqqət göstərməsi məni onun qarşısında necə müti etdisə artıq bir neçə vaxtdan sonra bir-birimizə dəli kimi bağlandıq. Bunu dillə izah etmək olmur... İnstitutu bitirdik və evləndik.
Onun məsləhəti ilə Bakıdakı orta məktəblərin birinə təyinat aldım. Mən onu çox sevirdim və onun hər sözü mənim üçün qanun idi. Arzumu da bilirdi və dedi ki, “qoy mən müdafiə edim qurtarım, sonra birdəfəlik gedərik Şuşaya”.
“Saçından tutub, bıçağı boğazına sancdım...”
Bir neçə il keçdi, yoldaşım müdafiə etdi qurtardı, amma artıq Şuşa işğal olunduğu üçün biz birdəfəlik Bakıda qalası olduq. Oğlumuz böyüyür, məktəbdə işlərim çoxalır, beləcə yoldaşımla getdikcə daha az-az baş-başa qalırdım. Amma buna baxmayaraq mən onu əvvəlkindən də çox sevirdim, bu bəlkə də illərlə yaşadığım yetimlikdən irəli gəlirdi…bilmirəm.
Amma təəssüf ki, o, buna layiq olmadı. Bir gün eşitdim ki, yaşadığı qadın var. Daha doğrusu, dərs dediyi tələbələrin biri ilə gəzir. Bu xəbər qəfil olmağı ilə bərabər, məni həm iyrəndirdi, həm də bir balaca sarsıtdı. Xüsusilə həddindən çox hörmət qoyduğum həyat yoldaşımın qızı yerində uşaqla gəzməsi məni pərt edirdi. Artıq on iki yaşlı uşağın valideynləri idik.
İlk günlər çalışdım qulaqardına vurum. Amma getdikcə evə gec-gec gəlməyə başladı. Hətta bir gün dedi ki, “müəllim yoldaşları ilə İstanbula konfransa gedirəm, bir həftədən sonra qayıdacam”. Həmin ərəfədə də mən yenicə şəkərli diabet xəstəliyi tapmışdım, özümü çox pis hiss edirdim. Mənə dedi ki, “birtəhər döz, qayıdanda gedərik həkimə”.
İşindən etməmək üçün, özümü çox pis hiss etsəm də razılaşdım. Getdi. Aradan iki gün keçmişdi. Evimizə yaxın olan Yasamal bazarından bazarlıq etməyə düşmüşdüm. Bir az kartof-soğan alıb bazardan çıxırdım ki, yolun o tərəfində gördüklərim mənə güllə kimi “dəydi”. Yoldaşım maşını saxladı və yanından düşürdüyü qadınla qol-qola verib binaların arasına girdi. Gözlərim qaraldı, qulaqlarımın dibi sanki od tutub yanırdı. Amma elə bil Allahdan mənə güc gəldi, özümü toplayıb onların ardınca getməyə başladım. Bir-iki bina keçib, bir bloka girdilər. İkinci mərtəbədəki mənzilə keçdilər. Çox pis vəziyyətdə idim... O anları heç bir qadına arzulamıram, heç bir…
Mənə elə gəldi ki, əsl yetim indi qalmışam...
Özümü toplayıb onlarına ardınca qalxdım. Fikrim qapını döymək idi, amma qapı açıqmış. Yavaşca içəri girdim. Mətbəxdə bazarlıq dolu zənbillər vardı. Özümə nifrət edirdim…Yan otağa bir iki addım atmışdım ki, səs eşitdim. İçəri girəndə gördüklərimdən başımın üstündə elə bil şimşək çaxdı… Divanda bir birilərinə sarılıb söhbətləşirdilər… Başları bir-birinə necə qarışmışdısa bir neçə saniyə içəri girməyimdən də xəbərləri olmadı… Məni görəndə isə ərim özündən asılı olmayaraq qışqırdı… Mən onu belə nəinki görməmişdim, heç təsəvvür etməmişdim… Bircə onu gördüm ki, nəsə deyə-deyə dizin-dizin mənə tərəf sürünür, amma eşitmirdim. Sarsılmışdım… Hər şeyi parçalayıb, dağıtmaq vəziyyətindəydim… Yaxınlaşıb əlini mənə toxunduranda özümdən asılı olmayaraq, söykəndiyim stolun üstündəki vazadan iri bıçağı götürüb, onun ürəyinə sancdım. Bu an bayaqdan unutduğum qadın qışqırdı, üstümə gəldi. Özümü saxlaya bilməyib, saçından tutdum, ərimin sinəsindən çıxartdığım bıçağı qeyri-ixtiyari onun boğazına sancdım. Elə əlimdəcə canını tapşırdı, ərim isə hələ yerdə çabalayıb can verirdi. Bıçağı yerə tullayıb, sakitcə evdən çıxdım…
Bir müddət küçədə hara gedəcəyim fikirləşdim, təsəvvür edin, uşağı evdə qoyub bazarlıq adıyla çıxmışdım. Oturub xeyli fikirləşəndən sonra yaxınlıqdakı polis bölməsinə getdim…”
Könüllü polisə təslim olmasını, bir uşaq anası olmasını və sair halları nəzərə alıb məhkəmə Səmayəyə 8 il iş verir. Deyir, məhkəmədə yoldaşının valideynləri ona qarşı şikayətçi olmasalar da, sonradan ondan üz çevirirlər. Cəzasını son gününə qədər yatan həmsöhbətim artıq iki ilə yaxındır azadlıqdadır. Tale ona növbəti bir zərbə də vurur. Həbsdə olduğu müddətdə yoldaşının valideynləri tərəfindən uşaq evinə verilən oğlu elə uşaq evində də ürək tutmasından dünyasını dəyişir.
Açılan və bağlanan qapılar
İndi, özü demişkən, Allahdan başqa heç kəsi yoxdur. Azadlığa çıxanda həm tələbə, həm də vaxtı ilə müəllim yoldaşı olan bir qadının yanına gedir. Xoşbəxtlikdən rəfiqəsi sadiq adam çıxır, ona evində sığınacaq verib, yenidən həyat qurmasında kömək etməyə çalışır. Amma Səmayən köhnə iş yerinə qayıda bilmir. Həbsdə olmağını səbəb gətirib, məktəbə buraxmırlar.
Naəlac qalıb həmin rəfiqəsinin köməkliyi ilə şəhərdəki marketlərin birində satıcı kimi işləməyə başlayır. Deyir ki, indi onun üçün bu dünyanın elə də bir əhəmiyyəti yoxdur... Səmayə məhbəsdən sonrakı əziyyətlərini danışdıqca bu yaxınlarda dostumun rastlaşdığı bir hadisə yadıma düşdü. Dönərxanaların birinin qarşısında bir nəfər onun qarşısını kəsib: “Qardaş türmədən çıxmışam, heç nəyim yoxdur, varsa mənə bir dönər almaqda kömək et”. Dostum əvvəlcə inanmır, fikirləşir ki, dilənçilərdən kimdirsə ona fırıldaq gəlir. Ondan türmədən buraxılış kağızını istəyib, o da arayışı çıxarıb həqiqətən türmədən çıxdığını sübut edir.
Həyatı məhv olmuş bir qadının hekayətini dinləyib qurtaranda yaşadığı hadisələrin dəhşətindən, üzləşdiyi faciədən, hətta övlad itkisindən də ağır olan indiki həyatını düşündüm. Hansı səbəbdən olur-olsun, etdiyi cinayətin cəzasını çəkmiş bir qadın indi həmin keçmişə görə ömürlük əzab-əziyyətin içində yaşamalı olacaq. Ümumiyyətlə, həbsxanadan çıxmış insanın həyatının hansı istiqamətdə dəyişdiyi indi hamımızın gözləri qarşısındadı. Bəlkə Səmayə xanımın halına yandığımdandı, amma bu söhbətdən sonra keçmiş məhbusların azadlıqdakı həyatında üzləşdiyi problemlərin daha böyük, daha ciddi olduğunu gördüm...
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.
Mübariz Aslanov
URL / WWW
http://www.kelam.az/article/a-5570.html