Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Azərbaycan - Isveçrə əməkdaşlığı genişlənir
03.11.09 21:01

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrəyə rəsmi səfərə yola düşüb. Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasına rəsmi səfərə gəlib. Sürix şəhərinin Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı İsveçrənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar. Mehriban xanıma gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev və xanımı Sürixdən paytaxt Bernə yola düşdülər.

Rəsmi qarşılanma mərasimi
Oktyabrın 19-da İsveçrədə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Berndə rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və İsveçrənin dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi İsveçrə Prezidenti Hans-Rudolf Merts qarşıladı.
İsveçrənin dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyətinin üzvləri İsveçrə Prezidentinə təqdim olundu.
Hərbi orkestrin ifasında Azərbaycanın və İsveçrənin dövlət himnləri səsləndi.  Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.  Prezidentlər rəsmi foto çəkdirdilər.

Prezident İlham Əliyev İsveçrə Kantonlar Şurasının sədri Alain Berset ilə görüşüb

İsveçrədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Alain Berset ilə görüşüb. Azərbaycan ilə əlaqələrin əhəmiyyətinə toxunan Alain Berset dedi ki, İsveçrə parlamentində Azərbaycan üzrə parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Bu qrupun fəaliyyəti əlaqələrimizin intensivləşdiyindən xəbər verir. Parlamentlərarası münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Alain Berset hökumətlərarası və dövlətlərarası münasibətlərin də inkişaf etdiyini bildirdi. İsveçrədə keçirilən Azərbaycan günlərinin əhəmiyyətinə toxunan Kantonlar Şurasının sədri dedi ki, bu cür tədbirlər bir-birimiz haqqında məlumatları genişləndirir.
Prezident İlham Əliyev dedi ki, əlaqələrimiz çoxşaxəlidir və müxtəlif sahələr üzrə irəliləyişlər vardır. Azərbaycan Milli Məclisində də İsveçrə üzrə dostluq qrupu fəaliyyət göstərir və ölkəmiz parlamentlərarası əlaqələrə böyük əhəmiyyət verir.
Dövlətimizin başçısı bildirdi ki, hökumətlərarası münasibətlər yaxşı səviyyədədir. Keçən il İsveçrə Prezidentinin Azərbaycana, indi isə Azərbaycan Prezidentinin İsveçrəyə səfəri əlaqələrimizi daha da möhkəmləndirir. Son illərdə münasibətlərimizin inkişafında sürətli dinamika vardır ki, bu da hər iki tərəfin maraqlarına cavab verir.
Azərbaycan Prezidenti iqtisadi münasibətlərin inkişaf etdiyini, bu sahədə qarşılıqlı maraqlar əsasında yeni layihələrin həyata keçirildiyini qeyd etdi və ikitərəfli münasibətlərimizi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev İsveçrədə keçirilən Azərbaycan günlərinin əhəmiyyətini qeyd etdi və bildirdi ki, ölkələrimiz haqqında məlumatlar daha da çox olmalıdır. Görüşdən sonra Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Geniş tərkibdə danışıqlar

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Mertsin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezident Hans-Rudolf Merts bildirdi ki, həm dövlət başçıları səviyyəsində, həm də digər səviyyələrdə intensiv əlaqələrimiz vardır. Parlamentlərarası qruplar əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir. İsveçrədə keçirilən Azərbaycan Mədəniyyət Günlərinin əhəmiyyətinə toxunan Hans-Rudolf Merts dedi ki, bu cür tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. İqtisadi sahədə əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdıran İsveçrə Prezidenti bildirdi ki, energetika sahəsində əməkdaşlığımız genişlənir, qeyri-enerji sektorunda da layihələrimiz vardır. İsveçrə dövlətinin başçısı nativ enerji sahəsində də əməkdaşlığın inkişafının əhəmiyyətinə toxundu, ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, onun İsveçrəyə rəsmi səfəri əlaqələrimizin genişlənməsinə xidmət edir.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın sürətlə inkişaf etdiyini, bu sahədə geniş potensialın olduğunu deyən Prezident İlham Əliyev güclü siyasi əlaqələrimizin mövcudluğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı dedi ki, enerji sahəsində əməkdaşlığımız uğurla gedir, qeyri-enerji sahəsində yaxşı imkanlar vardır və bunu inkişaf etdirmək lazımdır.
Prezident İlham Əliyev İsveçrədə Azərbaycan Mədəniyyət Günlərinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı ikitərəfli və regional məsələlərlə bağlı siyasi məsləhətləşmələrin bundan sonra da davam etdirilməsinin əhəmiyyətinə toxundu. Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Oktyabrın 19-da geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Merts rəsmi nahar ediblər.
Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Mertsin mətbuat konfransı olub.

Bern şəhəri ilə tanışlıq

İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 19-da Bern şəhər meriyasında olublar. Şəhərin meri Aleksander Çeppet İsveçrənin paytaxtı Bernin tarixi və bu günü haqqında ətraflı məlumat verdi. Bildirildi ki, Bern İsveçrənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Meriyada Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim olundu.
Azərbaycan Prezidenti və xanımı Bern şəhər meriyasının fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bern şəhərinin meri Aleksander Çeppetin müşayiəti ilə şəhəri gəzdilər. İsveçrə paytaxtının tarixi memarlıq abidələri ilə zəngin hissəsinə gələn Azərbaycan Prezidenti və xanımı “Münster” kilsəsində oldular.
Bildirildi ki, XVI əsrdə inşa olunan bu tarixi abidə dövlət tərəfindən memarlıq incisi kimi qorunur. Bu, İsveçrədə mövcud olan ən böyük kilsələrdən biridir. Daha sonra Azərbaycan Prezidenti və xanımı Albert Eynşteynin ev-muzeyi ilə tanış oldular. Ömrünün bir hissəsini bu mənzildə keçirən məşhur alim, nisbilik nəzəriyyəsinin banisi Eynşteynin şəxsi əşyaları burada etibarla qorunur. Şəhərlə tanışlıq zamanı dövlətimizin başçısı və xanımı paytaxtdakı saat qülləsinin önünə gəldilər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada xatirə şəkli çəkdirdilər. Qüllə ilə tanışlıq zamanı bildirildi ki, Bernə xüsusi yaraşıq verən bu tarixi abidə XVI əsrin birinci yarısında inşa olunmuşdur. İsveçrə paytaxtına gələn turistlərin diqqətini daha çox çəkən bu tarixi məkan qədim Bernin rəmzlərindən biridir.
URL / WWW
http://www.kelam.az/article/a-187.html