Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Məqələlər
»
Məqalələr
» Naxçıvanın memarlıq inciləri
17.05.10 15:50
Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin yadigarları
“Elə XX əsri götürün. Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur”- bu sözlər xalqımızın ümümmilli lideri Heydər Əliyevə məxsusdur. O, Naxçıvan şəhərində Mömünə xatun məqbərəsini ziyarət edərkən bu sözləri söyləyib. Dahi öndər “bizlər çox vaxt bu abidəni gözəl memarlıq abidəsi kimi təbliğ edirik” deyərək bu sənət əsərinin çoxəsrlik dövlətçilik ənənələrimizin yaşadılması istiqamətində oynadığı rola da toxunub: “Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir. Əgər dövlətçilik o qədər yüksək səviyyədə olmasaydı, onlar bu cür abidənin yaradılması barədə qərar qəbul edə bilərdilərmi?”.
Tariximizin tədqiq və təbliğinə maraq artıb
“Naxçıvan Muxtar Respublikası ərazisindəki tarixi və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkiliu haqqında” Muxtar Respublika Ali Məclisi Sədrinin imzaladığı sərəncam əsasında isə burada 1157 abidə qeydə alınıb, onlardan 56-sı isə dünya əhəmiyyətli abidə olub. Hər biri də xalqımızın zəngin və çoxəsrlik dövlətçilik ənənələrini özündə yaşadan memarlıq inciləridir. O incilər ki, onlar tariximizin on ikinci yüzilliyindən başlayaraq bu günümüzə qədər ayrı-ayrı dövrlərdə, məqamlarda inşa olunublar, iqtisadi qüdrətimizi, gücümüzü, baçlıcası isə varlığımızı dünyanın yaxın-uzaq ölkələrinə tanıdıblar.
Əslinə qalsa həyata keçirilən bu tədbirlər də xalqımızın ümümmilli lideri Heydər Əliyevin rəhbərliyi altında muxtar respublikanın uzun müddət üçün işlənib hazırlanmış inkişaf strategiyasından qaynaqlanıb. AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasına həsr olunan geniş müşavirədə “Naxçıvan ərazisində həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri var... Onların hər biri Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir”-deyən ulu öndər böyük təəssüflə onu da qeyd edib ki, hələ də bunlar haqqında tarixi mənbələr və toplular yoxdur.
Dahi öndər həmin çıxışında qarşıda duran mühüm vəzifələrdən də danışıb. Böyük narahatçılıqla deyib ki, “əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənbəyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, sübut etməsələr bəs bunu kim edəcəkdir. Bax, bütün bu səbəbdən mən Naxçıvan Muxtar Respublikasında Elmlər Akademiyasının bölməsinin yaradılması haqqında qərar qəbul etmişəm”.
Daşlar dil aşıb danışır...
Alimlərin fikrincə, Naxçıvanda hər daşın, hər qayanın altında bir tarix yatır. Bu yaxınlarda bölgədə keçirilən mötəbər elmi toplantıda-- beynəlxalq simpoziumda iştirak edən mütəxəssislərin yekun rəyləri də bundan ibarət olub ki məmləkətimizin ayrılmaz bir parçası olan bu diyar bəşər sivilzasiyasının, mədəniyyətinin ən başlanğıc nöqtələrindən biri olub. Bu qədim və kəşməkeşli tarixi isə sübut edən mənbələr, amillər də çoxdur: ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəlləri, xatirə memarlığının ən mükəmməl nümunələri olan memarlıq inciləri...
Qazma, Əshabi-kəhf, Kilid mağaralarında daş dövrü mədəniyyətinin izləri aşkar olunub. Bu yerlərdə insanlar ibtidai icma dövründə yaşayıblar. Eramızdan əvvəl dördüncü minilliyin sonu və ikinci minilliyin əvvəllərində isə Naxçıvan ərazisində Oğlanqala, Qarabağlar, Çalxanqala, Govurqala kimi qala–şəhər məntəqələri fəaliyyət göstərib. Gəmiqaya rəsmləri kimi təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar, tunc məmulatları və sairə Naxçıvanın qədim tayfalarının həyat tərzini, dini-ideoloji və fəlsəfi-estetik dünyagörüşünü əks etdirərib.
Sonrakı dövrlərdə də Naxçıvan Şərqlə Qərb arasında mühüm karvan yolları üzərində yerləşən iri ticarət mərkəzinə çevrilib. Bu amil heç də bölgəyə həmişə xeyir-bərəkət, bolluq gətirməyib. Bu səbəbdən də uzun illər boyu o, döyüş meydanlarına çevrilib. Hətta qədim romalılar, parfiyalılar, sasanilər də neçə əsrlərlə bu torpağa göz tikiblər.
IX-XI əsrlərdə Azərbaycan feodal dövlətlərinin tərkibinə daxil olan Naxçıvan təkcə ayrılmaz parçası olduğu Azərbaycanın deyil, həm də Yaxın və Orta Şərqin gözəl və əzəmətli şəhərlərindən birinə çevrilir. O, böyük ticarət və sənaye, mədəniyyət mərkəzlərindən biri kimi şöhrət qazanır. XII əsrdə isə Naxçıvan Azərbaycanın Atabəylər-Eldəgizlər dövlətinin paytaxtına cevrildikdən sonra onun qüdrəti daha da artır. Regionda çoxəsrlik dövlətçilik ənənələrinin təməli də məhz o dövrdə qoyulur. Xalqımızın ümümmilli lideri Heydər Əliyev tariximizin tədqiqi, öyrənilməsi və təbliği sahəsində bu amillə bağlı qarşıda duran vəzifələri aydın və konkret şəkildə belə göstərib: “Bugünki Azərbaycanın böyük bir hissəsi, həm Naxçıvan tərəfdə olan hissəsi, həm də Araz çayının o tərəfindəki hissəsi Azərbaycan dövləti, Atabəylər dövləti olubdur. Ona görə də biz buna tarixi qiymət verməliyik”.
Orta əsr Naxçıvan memarlıq məktəbi və onun ilk əsəri
X11 əsrdə Azərbaycan intibahı özünü iki zirvədə xüsusilə göstərə bilib: ədəbiyyat sahəsində və memarlıqda. Böyük rus şərqşünası Yevgeni Bertelsin belə bir fikri var: ”Əgər dünyanın bütün dövrlərində yaşamış şairləri bir cərgəyə düzmək lazım gəlsə, mən birinci yeri tərəddüd etmədən Nizami Gəncəviyə verərdim”. Sənətşünaslar isə belə deyirlər: Dahi Nizami poeziyada hansı zirvəni kəşf edə bilmişdirsə, Naxçıvan memarlıq məktəbi öz sahəsində ən yüksək zirvəyə qalxmışdır. Naxçıvan memarlıq məktəbi öz dövrünün ən yüksək nailiyyəti olmaq etibarı ilə Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil olub . O, türk, ərəb, səlcuq memarlıq xüsusiyyətlərinin əsas ştrixlərini özündə birləşdirərək heç bir mədəniyyəti təkrar etməyib.
Əcəmi Əbubəkr oğlu Naxçıvan memarlıq məktəbinin banisi və ən görkəmli nümayəndəsi olmaqla Qərb ölkələrində bu sənətin imzasıs olduğu bir dövrdə Şərq aləmində bir sıra şah əsərlərin müəllifi kimi tanınıb. Böyük rus alimi, akademik M. V. Alpatov onun yaradıcılığından söz açaraq deyib ki, “belə yüksək memarlıq forması duyğusuna, kompozisiyasının bu cür klassik bitkinliyinə və ifa mükəmməlliyinə bu dövrdə Orta Avropa memarlığında təsadüf olunmur”.
Memar Əcəmi həm də öz zəmanəsinin elmi biliklərinə yiyələnmiş, hərtərəfli inkişaf etmiş bir şəxsiyyət olub. Bu məktəb Şərq dünyasına Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar, sənətkarlar bəxş edib. Bu dövrdə həndəsə və riyaziyyat elmləri də yüksək dərəcədə inkişaf etdiyindən bu elmi bilik və vərdişlərin tətbiq olunduğu sahələrdən biri də memarlıq olub.
Memar Əcəminin yaradıcılığında formalaşan memarlıq tiplərindən ən bitkini qülləvari türbələr olub. Ayrı-ayrı hüfuzlu şəxslərin xatirəsinə ucaldılan bu monumental abidələr el arasında uzun illər “Günbəz” adı ilə də tanınıblar. Naxçıvan şəhərinin mərkəzində yerləşən və yerli camaat arasında “Atababa künbəzi” adı ilə tanınan Yusif Küseyr oğlu türbəsi 1162-ci ildə inşa olunub. O, ustad memarın bu günümüzə gəlib catan ilk böyük əsəri olub. Sərdabə və yerüstü qülləvari hissədən ibarət olan bu abidənin kitabəsindədə onun kimin şərəfinə və hansı tarixdə inşa olunduğu da əksini tapıb: “Bu türbə xacə, canlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Kuseyir oğlunundur”. Digər kitabədə isə onun “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli” sözləri yazılıb.
Şeyxlər başçısının türbəsi ikiqatlı olub, səkkizbucaqlı formadadır. Sərdabə yer altına salındığından türbə ətrafdan birqatlı qüllə kimi görünür. Abidə ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə seçilir. Əsas tikinti və bəzək hörgüsü kimi bir materialdan--bişmiş kərpicdən ustalıqla elə istifadə olunub ki, o da abidənin həndəsi biçiminin bütövlüyünü gücləndirməklə bərabər ona vahid, qırmızımtıl kalorit verir. Kompozisiyanın sadə olmasına baxmayaraq, bu abidə özünün düzgün münasibliyi, ornament bəzəyinin zənginliyi ilə də seçilir.
Naxçıvanın “Tac -Mahalı”—Mömünə xatun məqbərəsi
Mömün xatunn məqbərəsini Naxçıvanın Tac-Mahalı adlandıranlar heç də yanılmırlar. Düzdür, Tac-Mahal Hindistanda yerləşir. Deylənə görə, orta əsrlərdə inşa olunan bu abidə oradakı memarlıq incilərini ən gözəlidir. Mömünə xatun türbəsi isə memar Əcəminin şah əsəri olmaqla Naxçıvanın gözəllik simvoluna çevrilib.
Təkcə Azərbaycanda deyil, islam ölkələrində də ən uca və incə kompozisiyalı türbələrindən olan bu abidənin belə uzunömürlüyü, ilk olaraq onun mühəndis həllinin bitkinliyi ilə bağlıdır. Memar Əcəmi bu əsərində təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirə bilib. AMEA-nın müxbir üzvi, memarlıq doktoru Cəfər Qiyasinin sözləri ilə desək, abidənin dayaq sistemi, xüsusi ilə sərdabəsinin quruluşu ilə tanışlıq əyani göstərir ki, naxçıvanlı memar öz sağlğında “mühəndislər başçısı”titulunu heç də nahaq yerə qazanmayıb.
Təbii ki, Azərbaycan Atabəylər dövləti tariximizin və varlığımızın ən parlaq səhifələrindən birini təşkil edib. Xalqımızın ümümmmilli lideri Heydər Əliyev Naxçıvan MR-in 75 illik yubiley tədbirləri çərçivəsində Mömünə xatun türbəsi muzeyinin ekspozisiyası ilə tanış olarkən bununla bağlı deyib ki, “bu abidə Atabəylər dövlətinin Azərbaycan dövlətçiliyini yüz illərlə dünyaya nümayiş etdirməsini, Atabəylər sülaləsinin, nəslinin Azərbaycan tarixində nə qədər böyük yer tutduğunu göstərir.”
Əsrlər boyu yerli əhali arasında “Atabəy künbəzi” kimi tanınan bu məqbərə 1186-cı ildə inşa olunub. O. Azərbaycan Atabəylər dövlətinin banisi olan Şəmsəddin Eldənizin arvadı Mömünə xatunun şərəfinə ucaldılıb. Bəzi tədqiqatçılara görə, Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun həyat yoldaşı Mömünə xatun və oğlu Məhəmməd Cahan Pəhləvan da bu sərdabədə dəfn olunublar. Ümümmilli liderimiz abidəni inşa etdirən adamlar haqqında da yüksək fikirlər söyləyərək onları müdrik insanlar adlandırıb. Deyib ki, “əgər o müdriklik, böyük zəka, ağıl olmasaydı, məsələn Şəmsəddin Eldəniz öz həyat yoldaşına bu cür türbənin yaradılmasına qərar qəbul etməzdi... O nəsil nə qədər ağıllı olubdur ki, onun oğlu bunu davam etdirib və bizim tariximizi göstərən bu qədər əzəmətli memarlıq abidəsi, tariximizi təsdiq edən abidə yaranıbdır”.
Ümümi hündürlüyü 30 metrə yaxın olan tütrbə sərdabə və yerüstü hissədən ibarətdir. Sərdabə hissəsi planda on bucaqlıdır, orjinal quruluşlu olub, bədii baxımdan da zəngin tərtibata malikdir. Türbənin bucaqlarındakı sıxıntılar isə kufi xəttlə işlənmiş kitabələrlə örtülüb. Bu kitabələrin uzunluğu isə 500 metrə çatır. Mürəkkəb quruluşlu həndəsi ornamentlərlə kompozisiyaya daxil edilmiş firuzəyi kaşılar onu daha da zənginləşdirilir.
Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçilik ənənələrini , onun yüksək mədəniyyətə malik olmasını da açıb göstərir. Abidənin baş tağında kufi xətlə yazılan bu sözlər də insanları xeyirxah əməllərə səsləyir: “Biz gedirik ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.
Qarabağlar-Elxanilər dövrünün məhşur şəhəri
Naxçıvanın memarlıq inciləri sırasında Kəngərli rayonun Qarabağlar kəndindəki memarlıq kompleksi özünəməxsus yer tutur. Kompleks iki qoşa minarədən, 16 metr hündürlükdə olan türbədən ibarətdir. Minarə ilə türbənin üst qatı kaşı naxışlarla bəzədilib. Onların arasında qalan 15-20 metr məsafədə isə dini bina qalıqları var.
Dərələyəz dağ silsiləsinin yamaclarında yerləşən bu kəndin də uzaq keçmişi, qədim tarixi olub. Qalacıq deyilən ərazidə insanlar son tunc və ilk dəmir dövründə yaşayıblar. Yaşayış məskəninin adınının etimologiysı ilə bağlı deyilənlər də maraqlıdır. Alimlərin fikrincə, Qarabağlar sözü qədim türk tayfası olan kəngərlərin bir qolunun adı ilə bağlı olub. Bu məlumat X əsr müəllifi Konstantin Baqruanarodnının Cənubi Rusiya çöllərində yaşayan peçeneq-kəngərlərin bir tayfasının qarabay adlanması barədə deyilənlərlə tam uzlaşır. Tariximizin orta əsrlər dövründə isə Qarabağlar Azərbaycanın qədim şəhərlərindən biri olub. Onun Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi edib.
Qarabağlar kəndindəki qoşa minarənin XII əsrin sonu--XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birlərinə bağayan baştağ isə XIV əsrdə inşa olunub. Baştağın üzərində Elxani hökmdarı Hülaki xanın arvadı Quti xatunun adı yazıldığından, onun şərəfinə tikildiyi güman edilir. Heç şübhəsiz ki, Hülaki xanı bu şəhərdə yaşayıb.
Sərdabə və yerüstü hissədən ibarət olan Qarabağlar türbəsində qülləvari türbələrin əsas xüsusiyyətləri əks olunub. Abidənin 12 bucaqlı yeraltı sərdabəsinin divarları daşdan, günbəzləri isə kərpicdən hörülüb. Türbənin səthi isə qırmızı və firuzəyi kaşılı kərpiclə örtülərək, həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilib. Kitabə qurşağı isə nəsx xəttlə işlənib. Onun memarlıqda başlıca kompozisiya xüsusiyyəti isə 4 baştağlı olmasıdır. Ayrı-ayrı qütblərdə yerləşən bu baştağlar ona dörd fasadlı görkəm verir.
Türbənin konus şəklində olan yuxarı künbəzi və müvafiq kitabələri dağıldığından onun tikilmə tarixini dəqiq müəyyən etmək mümkün olmayıb. Aparılan tədqiqatlar isə Bərdə türbəsi kimi onun XIV əsrin əvvəllərində tikildiyini göstərir. Bu türbələr arasında oxşarlıqlar da çoxdur.
XII əsr türk səyyahı Övliya Çələbi “Səyahətnamə” əsərində Qarabağları meyvə bağları arasında yerləşən böyük şəhər kimi təsvir edib. Onun fikrincə, o dövrdə burada 50 min adam yaşayırdı, çoxlu məscid, minarə, karvansara mövcud olubi.
Araz çayı sahilində məğrur abidə
Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsi memarlıq xüsusiyyətləri baxımından Naxçıvandakı qülləvari türbələr qrupuna daxil olan abidələrdən fərqlənir. Bu abidə ilk növbədə orta əsr Naxçıvan memarlığında əsas tikinti materiallarının yalnız kərpic və kaşıdan olmasını iddia edənlərin fikirlərini alt-üst edir. Türbənin 12 üzlü gövdəsi qırmızı tuf daşlarından, kürsüsü isə iri üzlük daş lövhələrindən inşa olunub. Digər qülləvari türbələr kimi bu abidədə iki hissədən ibarət olsa da, burada sərdabə qatı yerin üst qatında tikilib. Türbənin qülləvari tutumu ilə onu üzərində saxlayan kürsülüyün üzvi bağlılığı təmin edilib. Bu səbəbdən də inşa tarixindən neçə əsrlər ötməsinə baxmayaraq öz vüqarını hələ də saxlaya bilib.
Türbənin səthi daş üzərində həkk olunan qabartma həndəsi ornamentlərlə bəzədildiyindən o incə və zərif görünür. Halbuki Mömünə xatun və Yusif Küseyr oğlu türbələrində bu cür ornamentlərdən istifadə olunmayıb. Bu ilk növbədə bu abidədə istifadə olunan tikinti materiallarının bu cür xassələrindən irəli gəlib. Abidənin üst çadır örtüyü bütövlükdə dağıdıldığından onun günbəzinin pramidal, yoxsa konus biçimli olması ətrafında mübahisələr hələ də davam edir. Abidədə epiqrafik materialın, daş kitabənin olmaması türbənin inşa tarixini qəqiqləşdirməyə imkan vermir. Onun kimin şərəfinə tikildiyi, memarının kim olması da hələlik bəlli deyil.
Mömünə xatun məqbərəsinin təsiri ilə onun XIII əsrin əvvəllərində inşa olunduğu ehtimal olunur. Bu abidə də ölkəmizin iqtisadi qüdrətini göstərir.
Memarlıq abidələrinə isti münasibət
Son on ildə Naxçıvanda aparılan genişmiqyaslı quruculuq tədbirlərinin mühüm bir qolunu da xalqın keçmişinə mənsub olan hər qayanın, hər daşın tarixini yaşatmaq ideyası təşkil edib. Bir çox abidələrdə aparılan əsaslı təmir və yenidənqurma işləri aparılıb. Əlincəçay üzərindəki XIII--XIV əsrlərə aid edilən Xanəgah kompleksi də onlardan biri olub. Deyilənə görə, həmin xanəgahda ustad Nəsiminin müəllimi olan Fəzlullah Nəimi dəfn edilib.
Xanəgah əvəzinə “İmamzadə”lərin meydana gəlməsi Səfəvilər dövrü üçün xarakterik olub. Naxçıvan “İmamzadə”si isə bir kompleks kimi yaranmasını da XVII əsrə aid etmək olar. Son illər bu abidə-kompleksdə də əsaslı təmir işləri aparılıb, ora dindarların ixtiyarına verilib. XVIII əsrdə tkilməsi güman edilən Xan evində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu obyekt də şəhərin ən gözəl tikililərindən birinə çevriləcək. Naxçıvan şəhərində Buzxana kompleksi, Cümə və Zaviyyə məscidləri, İsmayılxan hamamı və digər obyektlərdə də bərpaçı mütəxəssislər bu abidələrin nəfəsini, ruhunu tam duya biliblər.
Naxçıvan şəhərində Köhnə Qala deyilən ərazidə Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa edilib. İki hissədən – sərdabə və türbə hissədən ibarət olan səkkiz guşəli bu abidədə tikinti işləri yüksək zövqlə aparılıb. Kaşı daşlarla işlənən həndəsi ornamentlər abidəyə xüsusi yaraşıq verir. Türbənin çardaq hissəsi isə piramida şəkildə işlənib. Naxçıvan MR Nazirlər Kabineti yanında elmi-bərpa istehsalat idarəsinin bərpaçı mütəxəssisləri orta əsrlərdə məhşur olan Naxçıvan memarlıq məktəbinin müsbət ənənələrini yaşada biliblər. Onu da qüyd edək ki, bu abidə Muxtar Respublika Ali Məclisi Sədrinin ”Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” sərəncamına əsasən inşa olunub.
* * *
Təbii ki, əcdadlarımızın özlərindən sonar qoyub getdikləri bütün tarix və mədəniyyət abidələri bu yurdun Azərbaycançılıq möhürü olub. Bu abidələr təkcə varlığımızı və dövlətçiliyimizi yaşatmırlar, onlar həm də zaman-zaman ölkəmizin iqtisadi qüdrətini özlərində təcəssüm etdirirlər. Xalqımızın ümümmilli lideri Heydər Əliyev də dönə-dönə deyirdi: ”Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur”.
Görünür, Azərbaycan bu cəhətdən xoşbəxt ölkədir.
Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali Məclisinin deputatı,
tarix elmləri namizədi, əməkdar jurnalist
mm62@mail.ru
URL / WWW
http://www.kelam.az/article/a-1250.html