Seminar-məşğələlərdə 15000-ə yaxın nəzarətçi-müəllim iştirak edəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ilində keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün yanvarın 23-dən başlayaraq seminar-məşğələlər keçirir. seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.
Martın 5-dək davam edəcək bu seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mərkəzi aparatının və regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılır. Seminarların respublikanın bütün şəhər və rayonlarda keçirilməsi nəzərdə tutulur və 15000-ə yaxın nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir. Seminar-məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 25-30 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir.
Seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.