“Xaricdə müdafiə olunan elmi işlərin keyfiyyəti bizi çox narahat edir. Təsəvvür edin ki, əvvəl Moskvada yaşaya-yaşaya 8-10 ilə doktorluq dissertasiyası, 5-6 ilə namizədlik dissertasiyası yazıb müdafiə edirdik. İndi isə 1-2 ilə doktorluq diplomu gətirirlər. Bu, bizi narahat edir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov Bölmənin 2012-ci illə bağlı hesabatının təqdimatında bildirib. Onun sözlərinə görə, 1-2 ilə doktorluq dissertasiyası yazmaq olmaz: “Sözsüz ki, bu işləri onlar özləri yazmır. Bu adamlar hətta Ali Attestasiya Komissiyasının (AAK) Ekspert Şurasının tərkibinə düşürlər. Özü dissertasiya yazmamış bir adam müdafiə şuralarında təmsil olunur. Bunlar artıq həqiqi işlərə rəy verirlər. Bizim faciəmiz bundan ibarətdir”.
Ə.Əmiraslanov deyib ki, tibb elmləri üzrə daxil olan dissertasiya işləri çox ciddi filtrdən keçirilir: “Biz xüsusi qurum yaratmışıq. Dissertasiyalar müdafiəyə buraxılmazdan əvvəl gizli rəyə göndərilir. Hətta şuraların sədrləri deyirlər ki, siz bizim hüquqlarımızı pozursunuz. Bu elmi işlər bizə gələnə qədər siz onları ayrı yerə göndərirsiniz. Bu universitetin rəhbəri mənəm. Bilməliyəm ki, Elmi Şuraya getməzdən qabaq bu işin keyfiyyəti necədir. Əgər hər hansı çatışmazlıq varsa, gedib onu düzəltsinlər. Biz demirik ki, işi geri qaytarırıq”.