Apardığımız elmi araşdırmalar bəzi partiya funksionerlərindən daha çox fayda verir
“Milli Elmlər Akademiyasında verilən cüzi maaş müqabilində yaradıcı adamlar son dərəcə əhəmiyyətli işlər görürlər. Məhz akademiyanın institutlarının gördüyü işlər nəticəsində Azərbaycan tarixi və mədəniyyəti haqqında ciddi və sanballı hesabatlar ortadadır. Onların yazdığı yazılar nəticəsində Azərbaycan tarixi barədə müəyyən təsəvvürlər yaranıbdır”.
Bu barədə açıqlamanı Milli Məclisin bu gün keçirilən iclasında AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva səsləndirib. Millət vəkili qeyd edib ki, tarix barəsində diletant fikirlərin səsləndirilməsi çox yersizdir. “Xəbərləri olmamaq o demək deyil ki, vəziyyət pisdir. Apardığımız elmi araşdırmalar bəzi partiya funksionerlərindən daha çox fayda verir”.
Daha sonra G.Baxşəliyeva bildirib ki, elm adamları tərəfindən Azərbaycan mədəniyyəti, tarixi barədə çox gözəl araşdırmalar var. Milli Elmlər Akademiyasında fəaliyyət göstərən alimlər çox həvəs və fədakarlıqla öz işləri ilə məşğul olurlar. G.Baxşəliyevanın sözlərinə görə, Tarix İnstitutunun fəaliyyətinin istənilən sahəsində irəliləyişlər var.