Bütün Qafqazın Şeyxi: “Münasibətləri heç kim poza bilməz"
Şeyxülislam Allahşükür Paşazadə: "Bizi istəməyənlər də haqq yoluna gələcəklər"
Azərbaycanda səfərdə olan İran İslam Respublikasının vitse-prezidenti, İranın Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi sentyabrın 6-da Təzəpir Məscidini ziyarət edib.
İranlı qonağa bu nadir memarlıq nümunəsi haqqında məlumat verilib. Bildirilib ki, xeyriyyəçi Nabat xanım Aşurbəyovanın ötən əsrin əvvəllərində inşa etdirdiyi bu məscid sovet hakimiyyətinin müxtəlif dövrlərində başqa məqsədlər üçün istifadə olunub. 2009-cu ildə Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyi ilə məsciddə əsalı təmir və yenidənqurma işləri aparılıb, ərazisi genişləndirilib.
İranın vitse-prezidenti Seyid Həsən Musəvi məscid kompleksi ilə yaxından tanış olub, öz vəsiyyətinə uyğun olaraq Təzəpir məscidinin girişində dəfn olunan Nabat xanım Aşurbəyovanın məzarını ziyarət edib, namaz qılıb.
Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının vitse-prezidenti, İranın Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları səmimi salamlayan Şeyxülislam həzrətləri İranla Azərbaycan arasında qardaşlıq əlaqələrinin qədim tarixə malik olduğunu deyib: "Azərbaycanla İran arasında dostluq və qardaşlıq telləri tarixi köklərə söykənir. İranda imamlarımız, İslam dininin müqəddəs şəxsləri dəfn olunub. Ona görə də o torpaqlar bizim üçün də çox müqəddəsdir. Əsrlər boyu din və mədəniyyət birliyi bu iki qonşu xalqı bir-birinə möhkəm bağlayıb. Sovet rejiminin kəskin qadağaları əlaqələri zəiflədə bilmədi. Azərbaycan müstəqillik əldə etdikdən sonra qonşu ölkələrlə, o cümlədən, İran İslam Respublikası ilə münasibətlərin inkişaf etdirilməsinə ciddi önəm verir.
Ümummilli lider Heydər Əliyev əlaqələrimizin möhkəmlənməsi üçün böyük işlər görüb. Bu gün dövlətimizin başçısı İlham Əliyev də öz çıxışlarında İranla münasibətlərin davamlı inkişafında maraqlı olduğunu dəfələrlə bəyan edib. İran İslam Respublikasının Ali dini rəhbəri Seyid Əli Xamenei həzrətləri və ölkə prezidenti Mahmud Əhmədinejad iki qardaş ölkə arasında əlaqələrə yüksək dəyər verdiklərini bildiriblər.
Qarabağın ermənilər tərəfindən işğal olunması, işğalın yaratdığı problemlər bu gün xalqımızı narahat edən ən böyük məsələdir. İran bu problemin ortaya çıxdığı ilk illərdən bu günə kimi həmişə Azərbaycana dəstəyini əsirgəməyib. Bu da təbiidir. Çünki insan çətinə düşəndə ona ilk həyan olan qardaşı olur. İran İslam Respublikası bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı tələbini müdafiə edib, Qarabağ probleminin ədalətli həll olunması üçün səylərini əsirgəməyib".
Allahşükür Paşazadə qeyd edib ki, bəzi qüvvələr iki dövlət arasında münasibətlərin bu səviyyədə olmasından narahatlıq keçirir, qardaşlar arasında nifaq salmaq istəyirlər: "Azərbaycanın qazandığı uğurlar, qonşu dövlətlərlə münasibətlərin yüksək səviyyədə olması dostlarımızı sevindirir. Təəssüf ki, bundan narahat olanlar da tapılır. Əlaqələrin inkişafına mane olmaq istəyən qüvvələr də var. Din xadimi kimi biz belə insanların doğru yola gəlməsi üçün dualar edirik. İnşallah onlar da doğru yola gələrlər. İki qardaş arasında münasibətləri heç kim poza bilməz".
Qafqaz Müsəlmanları İdarəsinin sədri İranda həbs olunan iki gənc Azərbaycanlı şairin azadlığa buraxılmasında göstərdiyi köməyə görə bu ölkənin rəhbərliyinə minnətdarlığını bildirib, İran İslam Respublikasının dini liderlərinə və dövlət rəsmilərinə səmimi salamlarını çatdırmağı vitse-prezidentdən xahiş edib.
Şeyxülislam həzrətləri İran İslam Respublikasının vitse-prezidenti, İranın Mədəni İrs Və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin ölkəmizə gəlişini yüksək qiymətləndirib və bu səfərin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını diqqətə çatdırıb.
Qardaş Azərbaycana səfər etmək imkanı qazandığı üçün özünü xoşbəxt saydığını deyən İran İslam Respublikasının vitse-prezidenti, İranın Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi Bakıda keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd edib: "Çox xoşbəxtəm ki, qardaş Azərbaycan dövlətinə səfər etmək, dost və mehriban insanlarla görüşmək imkanı qazanmışam. İlk dəfədir ölkənizdəyəm, amma elə bilirəm ki, dəfələrlə Azərbaycanda olmuşam. Belə hisslər keçirməyim təsadüfi deyil, çünki qardaşlarımın, dostlarımın əhatəsindəyəm. Səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüş mənim üçün çox əhəmiyyətli və yadda qalan oldu. İki dost ölkənin gələcək əlaqələrinə xidmət edəcək məsələlər ətrafında müzakirələr apardıq. Görüş zamanı İran rəhbərliyinin dostluq və qardaşlıq mesajlarını ölkənizin başçısına çatdırdım. Hər iki dövlətin başçıları arasında həmişə xoş münasibətlər olub, bu münasibətlərin daimi olmasına ümid edirik. İran dost və qonşu Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafına maraqlıdır".
Seyid Həsən Musəvi Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar ölkəsinin mövqeyinin dəyişməz olduğunu diqqətə çatdırıb: "İran bütün səviyyələrdə qonşu Azərbaycanın haqq səsini dəstəkləyir, ədalətin bərpa olunması üçün çalışır və səylərini davam etdirir. Bu məsələdə mövqeyimiz dəyişməzdir. Qoşulmayanlar Hərəkatının bu günlərdə Tehranda keçirilən Zirvə toplantısında da bu mövqeyimizi bir daha nümayiş etdirdik, hər zaman Azərbaycanın yanında olacağımızı bildirdik.
İran-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasını gözü götürməyən qüvvələr də var. İki dost ölkə bir-birinə yaxınlaşdıqca belə qüvvələr daha çox narahat olurlar. Şeyxülislam həzrətləri çox gözəl qeyd etdi ki, iki qardaş arasında münasibətləri heç kim poza bilməz".
İranın vitse-prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin iki dövlət arasında münasibətlərin inkişafındakı xidmətlərinə böyük dəyər verdiyini diqqətə çatdırıb və Şeyxülislamı ölkəsinə səfərə dəvət edib: "Dövlətlərimiz arasında əlaqələrin belə yüksək səviyyəyə çatmasında Şeyxülislam həzrətlərinin danılmaz xidmətləri var. Siz böyük nüfuza malik bir din xadimi kimi Qafqazda və bütün bölgədə sülhün təmin olunması üçün çalışırsınız. Sizi İran İslam Respublikasına dəvət edirəm. Belə bir nüfuzlu dini lideri yenidən ölkəmizdə görmək hamımız üçün xoş olardı".
Allahşükür Paşazadə dəvətə görə vitse-prezidentə təşəkkürlərini bildirib. Görüşün sonunda Şeyxülislam həzrətləri Seyid Həsən Musəviyə və nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim edib.