Bakı Ali Neft Məktəbinə abituriyentlər yüksək maraq göstəriblər
ARDNŞ-in yeni yaradılan Bakı Ali Neft Məktəbinə (BANM) abituriyentlər yüksək maraq göstəriblər. Bunu keçirdiyi mətbuat konfransında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib. O qeyd edib ki, respublika üzrə I qrupda test imtahanlarında 600-dən çox bal toplayan 234 abituriyentin 115-i BANM-ə qəbul olub. Ümumiyyətlə, ali məktəb üzrə elan edilən hər müsabiqə yerinə 13 abituriyent ərizə verib. Qəbul olanlardan 23-ü rus, 98-i Azərbaycan bölməsinin tələbələridir. Tələbələr içərisində 31 nəfəri qızlardır.
Onun sözlərinə görə, orta məktəbi medalla bitirən 138 nəfərdən 11-i bu məktəbin tələbəsi adına layiq görülüb. Dövlət sifarişi ilə “Neft-qaz mühəndisliyi” ixtisası üzrə elan edilən 45 yerin 44-ü , “Kimya mühəndisliyi” ixtisası üzrə 52 yerin hamısı BANM-nin tələbələridir. Ali məktəbə daxil olanların sırasında Bakı (78 nəfər), Sumqayıt (8 nəfər), Naxçıvan (6 nəfər) şəhərlərinin və bir çox rayonların (Şirvan-4, Ağdaş-3, Quba-2) məktəb və liseylərinin məzunları olub.
I qrup üzrə 690 bal toplayan 2 nəfərdən biri Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndindən olan Rəhimov Rza “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub. 10 tələbə akademik Zərifə Əliyeva adına liseyin, 9 tələbə Bakı-türk liseyinin, 4 tələbə Bakı-Avropa liseyinin, 4 tələbə Sumqayıt təbiət elmləri təmayüllü gimnaziyanın, 3 nəfər Bakıdakı 132-134 nömrəli təhsil komplekslərinin məzunlarıdır.
E.Qasımov deyib ki, ali məktəbə qəbul olan tələbələrlə aparılan ilk müsahibələr nəticəsində onların bir çoxunun hərtərəfli istedada malik gənclər olduğu aşkarlanıb. O, ali məktəbə qəbul kampaniyasının uğurla başa çatdığını, təhsil ocağında tədris prosesinə hazırlığın son mərhələdə olduğunu vurğulayıb.