Qəlbini gəz, gör özündə bir dəyanət ey bəşər,
Mərd-meydan ol ki, var bunda səadət ey bəşər
Hansı qüdrət var edibdir cismini, həm ruhunu,
Almısan bu neməti kimdən əmanət ey bəşər.
Bir düşün torpaqdan ikən, sən hara dünya hara?
Harda tapdın insan olmaqçün fərasət ey bəşər.
Agah ol ki, sənlə birgə hər nəyin vardır sənin,
Qadir Allahdandır bir zərrə səxavət ey bəşər.
Cism verdi, əql verdi, ruzi verdi, can verib,
Üstəlik də cənnətə verdi zəmanət ey bəşər.
Səndən ötrü seçdi, hər dövr içrə bir peyğəmbəri,
Ta azalmış kimliyin, tapsın hidayət ey bəşər.
Əhmədi Muxtari göndərdi sənə lütf eylədi,
Həm də hikmət verdi Qurandan ibarət ey bəşər.
On bir övladı ilə bəxş etdi Əlini aləmə,
Həşrətək iqdam edə ta bu risalət ey bəşər.
Eylə bir dünya yaratdı insana pərvərdigar,
Kim ki, qədrin bilməsə, çəksin xəcalət ey bəşər.
Bunca lütfü neməti bəxş eyləyən bir Varlığa,
Hansı üzlə etməyirsən bəs ibadət ey bəşər.
Kim sənə bir can deyirsə, saxlayırsan hörmətin,
Can verən Allaha da göstər sədaqət ey bəşər.
“Nəml”dən al ibrəti, noldu Süleyman aqibət,
İşrətə qarınca tək eylə qənaət ey bəşər.
Qalma tuşunda dəmadəm müstərahla mətbəxin,
Mədə yox, insan olur, qəlb ilə rahət ey bəşər.
Gər danışmaq istəyirsən, qeybətə öyrətmə dil,
Al ələ təsbeh elə zikri-imamət ey bəşər.
Ən şərəfli bildi Allah ismini insan dedi,
Eyləmə ömr etməyə heyvan tək adət ey bəşər.
Səcdə eylə şakir ol, səbr ilə dərdə çarə tap,
Haqq olan şəxsi edər, Allah himayət ey bəşər.
Óyma dünya malına, narın çoxaltma atəşin,
Tək haram yox, həm halalda var fəlakət ey bəşər.
Nitqidən salmaz Əziz Pünhan bu “nəhy-əz münkər”i
Sən də ibrət qıl, gər istərsən şəfaət ey bəşər.
Əziz PÜNHAN
|
|