Milli Məclis Aparatının şöbə müdiri Cenevrədə səfərdədir
Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov BMT-nin İnsan Hüquqları Şurasının Məsləhətçi Komitəsinin növbəti sessiyasında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdədir. KƏLAMİNFO xəbər verir ki, sessiyada L.Hüseynovun “İtkin düşmüş şəxslərâ€� məsələsi üzrə hazırladığı ilkin məruzənin təqdimatı olub.
Məruzənin müzakirəsində dövlətlərin, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Məruzədə silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısının alınması, itkin düşmüş şəxslərin və onların ailə üzvlərinin hüquqlarının qorunması, münaqişələr zamanı bir-birindən ayrı düşmüş ailə üzvləri arasında əlaqələrin bərpa edilməsi, itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək və digər məsələlər araşdırılıb.
Daha sonra məruzə BMT-nin İnsan Hüquqları Şurasına təqdim ediləcək.
Qeyd edək ki, L.Hüseynov BMT-nin İnsan Hüquqları Şurasının Məsləhətçi Komitəsinə 2008-ci ildə seçilib. O, komitənin 18 ekspertindən biridir.