Ətraf mühitin vəziyyəti əhalinin rifahına birbaşa və dolayı yolla təsir edir. Belə ki, havanın və suyun çirklənməsi insanların sağlamlıq vəziyyətinə birbaşa təsirə malikdir. Təmiz suyun olmamasının körpə və uşaqlar arasında xəstəlik və ölüm hallarına təsiri danılmazdır. Havanın çirklənməsi, həm də uşaqlar arasında respirator xəstəliklərinin artmasına səbəb olur. Meşələrin qırılması, torpağın eroziyası və ya şoranlaşması becərilən torpaqların məhsuldarlığına mənfi təsir edərək, xüsusilə kənd əhalisinin gəlir əldəetmə imkanlarını azaldır. Ölkənin təbii resurslarının davamlı idarə olunması həm bugünkü, həm də gələcək nəsil üçün xüsusi əhəmiyyət kəsb edir.
Mövcud vəziyyət və əsas problemlər
Araşdırma zamanı məlum olub ki, ölkənin hazırda üzləşdiyi ekoloji problemlərin əksəriyyəti iqtisadi inkişaf proseslərində ətraf mühitin davamlılığı məsələlərinin nəzərə alınmaması ilə bağlıdır. Ölkə ərazisinin xeyli hissəsinin işğal edilməsi və insanların öz daimi yaşayış yerlərindən didərgin düşməsi nəticəsində əkin üçün yararlı torpaqların, suvarma və tullantıların idarə edilməsi sistemlərinin həddən artıq yüklənməsi ətraf mühitin mühafizəsi problemlərini daha da ağırlaşdırmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölkənin ekologiyası sahəsində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Bu sıradan 2003-2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram”, 2003-2008-ci illəri əhatə edən “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram", “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" və s. başa çatmışdır. Bununla belə, ölkədə ətraf mühitin davamlı idarə olunması öz vacibliyinə görə gələcəkdə də ən öndə olan və daim diqqət tələb edən məsələ olaraq qalacaqdır. Torpaq örtüyünün korlanması nəticəsində onun eroziyası və şoranlaşması kənd təsərrüfatı istehsalına və əhalinin torpaqdan gəlir vasitəsi kimi istifadə imkanlarına mənfi təsirini göstərmişdir. Ölkə ərazisinin 59,8%-i yəni 671,2 min hektarı orta və şiddətli eroziyaya məruz qalmışdır. Gəncə-Qazax və Şəki-Zaqatala bölgələri suvarma ilə bağlı eroziyadan əziyyət çəkir. Hazırda kənd təsərrüfatı üçün istifadə olunan torpaqların həcmi qeyri-kənd təsərrüfatı torpaqlarının hesabına artır. Keçmiş kolxoz, sovxoz və digər dövlət kənd təsərrüfatı müəssisələrinin dağılması nəticəsində bəzi meliorasiya və suvarma sistemləri və qurğuları yararsız vəziyyətə düşmüşdür və artıq istifadə olunmur. Bu isə torpaqların meliorativ vəziyyətini (suvarma və drenaj sistemləri) pisləşdirmişdir. Torpaqların eroziyaya uğramasının əsas səbəblərindən biri də bəzi yerlərdə meşə örtüyünün sürətlə seyrəldilməsidir. Meşələrin nizamsız şəkildə qırılmasının əsas səbəblərindən biri ev təsərrüfatlarının yanacağa olan tələbatının çoxalmasıdır. Xüsusilə də bəzi rayonlarda enerji təminatında olan problemlər sakinləri istilik əldə etmək üçün odundan istifadə etməyə məcbur edir ki, bununla da, ölkənin ekoloji vəziyyətinin ağırlaşması və “təmiz olmayan yanacaq”dan istifadə nəticəsində ailə üzvlərinin sağlamlığı ilə bağlı problemlər yaranır. Bu baxımdan, həm dövlətə, həm də özəl təşkilatlara aid torpaqlarda ağacların Milli meşəsalma planına uyğun əkilməsi çay hövzələrinin mühafizə sisteminin yaxşılaşdırılmasına və bioloji müxtəlifliyin qorunub saxlanmasına şərait yaratmış olardı. Abşeron yarımadasında bir çox ərazilər hazırda yerli sənaye müəssisələrinin çirkli tullantılarının təsirinə məruz qalmışdır ki, bu da həmin ərazilərdə torpaqda və qida məhsullarında ağır metalların və davamlı üzvi çirkləndiricilərin yığılmasına səbəb olur. Belə ki, Abşeron yarımadasında hazırda təxminən 10 min hektar torpaq sahəsi neftlə çirklənmişdir və bu, təbii biotoplara mənfi təsir göstərərək səhralaşmaya aparıb çıxarır.
Havaya atılan çirkləndirici maddələr
Respublikada həm stasionar, həm də səyyar mənbələrdən havaya atılan çirkləndirici maddələrin ümumi miqdarı azalma meyilli olmuşdur ki, bu da, qismən 1990-cı illərin əvvəllərində baş vermiş iqtisadi tənəzzüllə bağlıdır. Belə ki, 1990-cı ildə stasionar mənbələrdən havaya atılan tullantıların ümumi miqdarı 2,1 mln. ton olmuşdusa, 2006-cı ildə bu rəqəm 344 min ton təşkil etmişdir. Lakin son dövrlərdə iqtisadiyyatda baş verən inkişafla paralel olaraq, havaya atılan zərərli maddələrin həcmi də artır. Havanın çirklənməsi paytaxt Bakı şəhərində və digər iri şəhərlərdə, o cümlədən, kimya sənayesi mərkəzi hesab edilən Sumqayıtda ciddi xarakter almışdır. Atmosferin çirklənməsinə həm nəqliyyat vasitələri, həm də elektrik stansiyaları və sənaye obyektləri təsir göstərir. Böyük şəhərlərdə nəqliyyat vasitələri havanın çirklənməsinin əsas mənbəyidir. Respublikada 1995-ci ildə qeydiyyatdan keçmiş minik avtomobillərinin ümumi sayı 271 min ədəd olmuşdusa, 2007-ci ildə bu rəqəm 2,3 dəfə artaraq 616,9 minə çatmışdır. Avtomobil parkının köhnəlməsi, avtomobillərin yoxlanılması və texniki xidmətin lazımi səviyyədə olmaması, aşağı keyfiyyətli yanacaqdan istifadə havanın çirklənməsini daha da gücləndirir. Atmosferə daxil olmuş zərərli maddələrin ümumi həcminin 61%-ni avtomobil nəqliyyatından buraxılan tullantılar təşkil edir. Stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin 79%-i Bakı şəhərinin payına düşür. Son dövrlərdə Azərbaycanda həm neft, həm də təbii qaz emalı və istifadəsi nəticəsində yaranan təhlükəli tullantıların həcmində artma müşahidə edilmişdir. 2002-ci ilə nisbətən təhlükəli istehsalat tullantılarının həcmi 2006-cı ildə 3 dəfə artmışdır. 2008-ci ilin əvvəlinə ölkənin müəssisələrində 1,7 mln. ton təhlükəli tullantı yığılıb qalmışdır. 2007-ci ildə ETSN-nin keçirdiyi monitorinqin nəticələrinə əsasən, müayinə edilmiş hər 3 müəssisədən birində atılan tullantılar icazə verilən normadan yüksək olmuşdur. İşlənmiş qazın təmizlənməsi üçün tətbiq edilən texnologiya və avadanlıqlar köhnəldiyinə və ya ümumiyyətlə olmadığına görə, neft və qaz sənayesi kükürd, karbon və azot oksidləri ilə havanı çirkləndirən əsas mənbədir. Tullantılar əsas etibarılə qızdırıcılarda yandırılan yanacaqdan əmələ gəlir. Bu baxımdan neftayırma zavodlarının müasirləşdirilməsinə ehtiyac vardır. Son dövrlərdə müasir avadanlığın quraşdırılması bu sahədə tullantıların həcminin azalmasına təsir göstərmişdir. Zavod və fabriklərin, (xüsusilə də köhnə avadanlıqlardan istifadə edənlərin) şəhər ətrafına çıxarılması, sənaye müəssisələrindəki qaz-toz tutucularının tam gücü ilə işləməsi, nəqliyyat vasitələrinin mühərriklərinin katalitik qaz neytralizatorları ilə təmin edilməsi, təmiz yanacaq növlərinə keçirilməsi atmosferə atılan zərərli maddələrin həcminin xeyli azalmasına kömək göstərə bilər. Ölkənin mövcud energetika sisteminin təqribən 80%-i mazut və təbii qazla işləyən istilik enerjisi stansiyalarının payına düşür. Lakin sovet dövründə yaradılmış energetika infrastrukturu, əsasən, qənaətbəxş vəziyyətdə deyildir. Belə ki, generatorların və qazanxanaların təxminən yarısı 40 ildən artıqdır ki istismar olunur. Bunun nəticəsində yanacaq sərfi artmış, istilikyaratma qabiliyyəti aşağı düşmüş və tullantıların miqdarı müvafiq olaraq artmışdır. Enerjipaylama şəbəkəsinin mövcud vəziyyəti istehsal edilmiş elektrik enerjisinin ötürülməsində böyük itkilərə səbəb olur. İstilik elektrik stansiyalarının əsas yanacağı mazutdan, tullantıları isə, əsasən, NOx və CO2-dən ibarətdir. Bununla əlaqədar bütün istilik elektrik stansiyalarının təbii qaz yanacağına keçməsi bir məqsəd kimi qarşıya qoyulmuşdur. Bu baxımdan, “Şimal” Elektrik Stansiyasında Astara, Şəki, Xaçmaz rayonlarında və Naxçıvan şəhərində gücü 87 meqavat olan modul tipli elektrik stansiyaların, təbii qazla işləyən 400 meqavatlıq yeni əlavə blokun işə salınması NOx və CO2 tullantılarının həcminin azalmasına təsir göstərmişdir. Hazırda Sumqayıt şəhərində 506 meqavat gücündə Sumqayıt elektrik stansiyasının tikintisi başa çatıb. 2009-cu ildə Şirvan şəhərində 780 meqavat gücündə “Cənub Elektrik Stansiyası” istifadəyə verilib. Havanın çirklənməsinə qarşı mübarizə aparmaq üçün iqtisadi inkişafın planlaşdırılması ilə bağlı bütün proqram və tədbirlərdə ətraf mühitin davamlılığı prinsiplərinin nəzərə alınmasını və prioritetləşdirilməsini təmin etməkdən ötrü tənzimləyici orqanlarda müvafiq potensialın yaradılması zəruridir. Eyni zamanda, nəqliyyat vasitələrinin atmosferə tullantılarının tənzimlənməsi və azaldılması məqsədilə müvafiq mexanizmlərin işlənilməsi və tətbiq edilməsi böyük əhəmiyyət kəsb edir. Atmosfer havasının davamlı idarə olunması istiqamətində atmosferə atılan istixana qazlarının miqdarının azaldılması və iqlim dəyişmələrinin ekosistemlərə və iqtisadiyyata mənfi təsirinin azaldılması üzrə tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir. Həmçinin istehsal müəssisələri tərəfindən atmosferə işlənmiş qaz və karbon emissiyasının səviyyəsinin azaldılması məqsədilə həmin istehsal müəssisələrinə maliyyə yardımı göstərilməsi üçün Karbon Fondu yaradılacaqdır. Xüsusən iri şəhərlərdə atmosferin nəqliyyat vasitələri tərəfindən çirklənməsinin qarşısının alınması məqsədilə intensiv hərəkət sahələrində qazanalizedici qurğular quraşdırılacaq və ümumilikdə atmosfer havasının monitorinqi sisteminin təkmilləşdirilməsinə dair tədbirlər həyata keçiriləcəkdir. nativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində üzvi maddəli tullantılardan istilik və gübrə alınması üzrə texnologiyaların işlənilməsi, günəş və külək enerjisi ehtiyatlarından istifadə imkanlarının tədqiqi məqsədilə Abşeron və Quba-Xaçmaz regionlarında pilot enerji stansiyaları inşa ediləcəkdir. Həmçinin Xızıda (Bakı şəhərindən 100 km şimala) 6 elektrik enerjisi istehsal edən külək qurğuları inşa ediləcəkdir.
Su mənbələrinin azlığı təchizatda ciddi problemlər yaradır
Azərbaycanda su mənbələrinin azlığı həm əhalinin fərdi istifadəsində, həm də kənd təsərrüfatının su ilə təchizatında ciddi problemlər yaradır. Burada problem yalnız su mənbələrinin azlığı ilə məhdudlaşmır. Eyni zamanda, suyun istifadəsində israfçılıq və su təchizatı infrastrukturunun texniki vəziyyətinin qənaətbəxş olmaması ilə bağlı problemlər də mövcuddur. Əhalinin su təchizatı ilə bağlı digər məsələ suyun keyfiyyətidir. ETSN-nin keçirdiyi monitorinqin nəticələrinə əsasən, su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər iki müəssisədən birində atılan tullantılar icazə verilən normadan artıq olmuşdur. ETT məlumatlarına görə, ölkə üzrə ev təsərrüfatlarının kanalizasiya ilə təmin olunma səviyyəsi 90,3%-dir. Bu göstərici uşaqsız ev təsərrüfatlarında 91,1 % olduğu halda, uşaqlı ev təsərrüfatlarında 89,8 % təşkil edir. Ev təsərrüfatlarının ölçüsünə görə bu göstəricinin təhlili göstərir ki, daha çox üzvləri olan ev təsərrüfatlarında kanalizasiya ilə təminat daha aşağı səviyyədədir. Belə ki, 3 nəfərdən ibarət ev təsərrüfatlarında kanalizasiya ilə təmin olunma səviyyəsi 94,3 %, 6 və daha çox üzvləri olan ev təsərrüfatlarında isə 88,9 %-dir. Son illərdə respublikanın şəhər və kəndlərinin içməli su ilə, ev təsərrüfatlarının isə kanalizasiya ilə təmin edilməsi sahəsində xeyli iş görülmüşdür. Bakı şəhərini yüksək keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Oğuz-Qəbələ-Bakı su xətti istifadəyə verilib. İçməli su ilə təminatı ağır vəziyyətdə olan 50 kənddə sutəmizləyici qurğular quraşdırılıb. Daha 50 kənddə də belə qurğuların quraşdırılması başa çatmaqdadır. Ölkənin üç zonasında (Düzən-Şirvan, Muğan-Salyan və Naxçıvan) “Azərbaycan kənd investisiyası” Layihəsi həyata keçirilib. Azərbaycan Respublikası əhalisinin dörddə üç hissəsinin su təchizatı Kür çayı ilə bağlıdır və Azərbaycana daxil olan suyun əksər hissəsi Gürcüstandan və Ermənistandan keçir. Gürcüstanın və Ermənistanın şəhərlərindən təmizlənməmiş çirkli suların Kür çayına axıdılması onun hidro-kimyəvi rejiminə və suyun keyfiyyətinə mənfi təsir göstərir. Bu baxımdan, problemin regional səviyyədə həll edilməsi və beynəlxalq təşkilatlar vasitəsilə həm Ermənistan ərazisindən Kür və Araz çaylarına (ildə 350 mln. m3), həm də Gürcüstan ərazisindən Kür çayına (ildə 320 mln. m3) axıdılan çirkli suların təmizlənməsinə ehtiyac vardır.
Sənaye və məişət tullantıları
Hazırda neft və qaz sənayesi müəssisələri istisna olmaqla, ölkədəki sənaye müəssisələrinin əksəriyyətinin istehsal gücündən tam istifadə etmək mümkün deyildir. Son dövrlərdə sənaye tullantılarının həcmində müşahidə olunan azalma da, əsasən, bununla bağlıdır. Buna baxmayaraq, mövcud sənaye müəssisələrində istifadə olunan köhnəlmiş istehsal avadanlıqları ətraf mühiti çirkləndirməkdə davam edir və bəzi yerlərdə toplanmış tullantılar (xüsusilə də təhlükəli tullantılar), insanların sağlamlığı və ətraf mühit üçün böyük təhlükə yaradır. 2008-ci ilin əvvəlinə ölkənin müəssisələrində 1,7 milyon ton təhlükəli tullantı yığılıb qalmışdır, onların 1,2 milyon tonu metallurgiya emalında əmələ gələn IV dərəcəli şlaklardır. İri yaşayış məntəqələrində, xüsusilə də sənaye mərkəzlərində, məişət tullantılarının daşınması və yerləşdirilməsi işi lazımi səviyyədə təşkil olunmadığından şəhər kənarları qanunsuz olaraq illərlə yığılmış tullantı poliqonlarına çevrilmişdir ki, bu da ətraf mühitin çirkləndirilməsinə və xəstəlik mənbələrinin yaranmasına səbəb olur. Tullantıların kompleks idarə olunması istiqamətində əmələ gələn bərk sənaye, kənd təsərrüfatı və məişət tullantılarının təkrar xammal, enerjidaşıyıcısı, gübrə, tikinti və kompozit materiallar kimi utilizasiya edilməsinə dair strategiya hazırlanacaq, həmçinin qeydiyyat və hesabat prosedurunun yaxşılaşdırılması vasitəsilə toplanmış və əmələ gələn tullantıların kəmiyyət və keyfiyyət üzrə qiymətləndirilməsi təkmilləşdiriləcəkdir. Həmçinin iri yaşayış məntəqələri üçün ekoloji və sanitar tələblərə cavab verən yeni tullantı poliqonlarının yaradılmasına dair təkliflər paketi hazırlanacaqdır. Eyni zamanda, mövcud tullantı poliqonlarının, qanuni və qeyri-qanuni zibilliklərin yeri, sahəsi, ətraf mühitə zərərlilik dərəcəsi və digər göstəriciləri üzrə qiymətləndirilmə aparılacaq, eləcə də onların modernləşdirilməsinə və yaxud ləğv edilməsinə dair təkliflər hazırlanacaqdır. Bakı şəhərində tullantıların emalı zavodları tikilib istifadəyə veriləcəkdir. Bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2008-ci il tarixli 190s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda bərk tullantıların idarə olunması işinin təkmilləşdirilməsi üzrə Texniki Yardım” Layihəsi həyata keçirilib. Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.