Azərbaycan xalqı 200 il ərzində müxtəlif hegomon dövlətlərin himayəsini görən erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Ermənilər öz havadarlarının dəstəyi ilə xalqımıza qarşı dəfələrlə qanlı cinayətlər törədiblər. Bu cinayətlərin sırasına 1905-1907-ci illərin qanlı hadisələrini, 1918-ci ilin mart soyqırımını, 1937-ci ilin repressiyalarını aid etmək olar. Müxtəlif zamanlarda törədilən bu hadisələr zamanı dinindən, dilindən, irqindən və milliyyətindən asılı olmayaraq, on minlərlə azərbaycanlı günahsız yerə qətlə yetirilib.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesi sovetlər birliyi dövründə daha geniş vüsət alıb. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında - Qərbi Azərbaycanda yaşayan 300 minə yaxın azərbaycanlı bu ərazidən qovulub ki, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildən Azərbaycanın dilbər guşəsi - Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi də kəndlərimizin, şəhərlərimizin dağıdılması, on minlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Konkret faktlara müraciət etsək, bu müddət ərzində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilib, 18 mindən çox həmvətənimiz həlak olub, 20 mindən çox insan yaralanıb, 50 mindən çoxu isə əlil olub. 4 mindən çox azərbaycanlı əsir və itkin düşüb. 700 mindən artıq soydaşımız öz el-obasından, yurd-yuvasından didərgin salınıb. İqtisadi baxımdan isə, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycana 50 milyard manatdan artıq maddi ziyan dəyib. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Dağlıq Qarabağı özünə birləşdirməyə cəhd edən Ermənistan dövləti Birləşmiş Millətlər Təşkilatının 822, 853, 874 və 884 saylı qətnamələrinə də əhəmiyyət verməyib. Hətta işğalçılıq siyasətini həyata keçirən zaman insanlara qarşı ən ağır işgəncə və vəhşiliklər tətbiq etməkdən belə çəkinməyib. Aqressiv və cinayətkar erməni siyasəti nəticəsində Xatın, Liditsa, Oradur, Xirosima, Naqasaki, Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanan Xocalı soyqırımı törədilib. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin qarşısının alınması məqsədilə 1994-cü il mayın 8-də ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə tərəflər arasında atəşkəsin əldə edilməsi barədə “Bişkek protokolu” imzalanıb. Mayın 12-də qüvvəyə minən protokolun tələblərinə əsasən həmin gündən etibarən cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb və hər iki tərəf arasında sülh danışıqlarına başlanılıb. Lakin Ermənistan silahlı qüvvələrinin bölmələri razılaşmanı pozublar. Ermənilər hər gün cəbhə xəttində müxtəlif istiqamətlərdə atəşkəsi pozaraq Azərbaycan Silahlı Qüvvələrinə məxsus bölmələrin mövqelərini avtomat, pulemyot və müxtəlif növ iriçaplı silahlardan atəşə tutublar. Atəşkəs müqaviləsinin imzalanmasından ötən 17 il ərzində 6 mindən artıq Azərbaycan hərbçisi cəbhə xəttində düşmən gülləsi, mina partlayışları və digər səbəblərdən həlak olub. Münaqişənin sülh yolu ilə tənzimlənməsi məqsədilə bu günə qədər aparılan danışıqlarda da heç bir nəticə əldə olunmayıb. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri, eləcə də hər üç ölkənin xarici işlər nazirləri səviyyəsində təşkil olunan danışıqlarda erməni tərəfi ya əvvəlcədən razılaşdırılmış məsələləri gündəmə gətirib, yaxud da dalana dirəndiyini görərərk “qarınağrısı”, ayaqyoluna getmək kimi bəhanələrlə görüşü tərk edib. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə prezidentlərin iyunun 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirdikləri son görüş də Ermənsitan tərəfinin qeyri-konstruktivliyi ucbatından uğursuz başa çatıb. Problemin həlli üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırladıqları və Azərbaycan tərəfinin qəbul etdiyi “Yenilənmiş Madrid prinsipləri”ni erməni tərəfi yenə də qəbul etməyib. Görüşdən sonra xarici mətbuata açıqlama verən Ermənistan prezidenti, danışıqlarda razılığa gəlinməməsinin bir səbəbi kimi xalqların öz müqəddəratını həll etmə məsələsinin hələ də həllini tapmamasını göstərib. O, bu məsələni şərh edərkən, dolayısı yolla Dağlıq Qarabağa müstəqillik verilməsinin tərəfdarı kimi çıxış edib. Bəs görəsən, xalqların öz müqəddəratını həll etmə məsələsi beynəlxalq hüquq nöqteyi-nəzərindən necə tənzimlənir? Bu sualı araşdırmaq məqsədilə ekspertlərin fikirlərini öyrəndik. Hüquq elmləri doktoru, professor Kamil Səlimov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün hazırlanmış sənədlərdən, oradakı prinsiplərdən söhbət açıb. Beynəlxalq hüquq çərçivəsində xalqların öz müqəddəratını həll etmə məsələsini təhlil edən professor bu məsələnin nizama salınmasında BMT-nin normativ sənədlərinin əsas götürüldüyünü bildirib. O, qeyd edib ki, xalqların bərabərlik və öz müqəddəratını təyin etməsi prinsipi dedikdə, ayrılma hüququ yox, öz müqəddəratını həlletmə hüququ başa düşülür: “BMT Nizamnaməsinin 1-ci maddəsinin 2-ci bəndinə əsasən, BMT-nin məqsədlərindən biri xalqların bərabərlik və öz müqəddəratını həll etməsi prinsipinə hörmət zəmnində millətlər arasında dostluq münasibətlərini inkişaf etdirməkdir. Bu aktın 55-ci maddəsi isə həmin prinsipi beynəlxalq iqtisadi və sosial əməkdaşlığın əsası kimi dəyərləndirir. BMT-nin Nizamnaməsində xalqların bərabərlik və öz müqəddəratını təyin etməsi prinsipi dedikdə, ayrılma hüququ yox, öz müqəddəratını həlletmə hüququ başa düşülür. BMT Baş Assambleyasının “Əsarətdə olan ölkələr və xalqlara azadlıq verilməsi haqqında” 1960-cı ilin 14 dekabr tarixli Bəyannaməsində xalqların öz müqəddəratını təyinetmə prinsipini inkişaf etdirib və onun daha geniş şərhini verib. Həmin Bəyannamə müəyyən edib ki, “bütün xalqlar öz müqəddəratını təyinetmə hüququna malikdirlər; bu hüquqa nəzərən onlar öz siyasi statusunu sərbəst olaraq təyin edir, öz mədəni və iqtisadi inkişafını həyata keçirirlər”. Həmin sənədin 6-cı maddəsi isə bu hüququn reallaşmasının məhdudiyyət hüdudlarını müəyyən edir: “Ölkənin milli birliyinin və ərazi bütövlüyünün müəyyən qədər və ya tam dağıdılmasına yönəlmiş hər hansı cəhd Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərilə bir yerə sığmır”. Hüquqşünas araşdırılan problemə baxılmasında beynəlxalq məhkəmə təcrübəsinin də az maraq kəsb etmədiyini dilə gətirib. O, bu təcrübələri əsas tutaraq, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna müraciət etməsini mahiyyət etibarilə adi fırıldaqçılıq kimi qələmə verib: “BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən Burkina-Faso və Mali arasında qalxmış sərhəd mübahisəsinə baxılarkən “öz müqəddəratını təyinetmə” və “ərazi bütövlüyü” prinsiplərinin nisbəti aydınlaşdırılıb. Münaqişənin həlli yolunun əsası kimi öz müqəddəratını təyinetmə prinsipi yox, beynəlxalq hüquqda ənənəvi uti possidetis prinsipi, yəni ərazi status-kvonun dəyişməsinin yolverilməzliyi prinsipi götürülüb. Müəyyən edilib ki, əslində “Afrikada əksər hallarda status-kvonun qorunması ən yaxşı addımdır”. 1992-ci ildə Avropa Şurasının Arbitraj Komissiyası Yuqoslaviya barədə də analoji fikir söyləyib. Qeyd olunub ki, hər hansı bir vəziyyətdən asılı olmayaraq öz müqəddəratını təyinetmə hüququ müstəqillik zamanı (uti possidetis juris) mövcud olan sərhədlərin dəyişməsini özündə cəmləşdirə bilməz. Bununla yanaşı, öz müqəddəratını təyinetmənin subyekti kimi xalq (millət) çıxış edir. Dağlıq Qarabağ Azərbaycan Respublikasının inzibati tərkib hissəsi olaraq əsasən Azərbaycan və erməni millətindən olan əhaliyə (xalq və millət yox) malikdir. Millətin və ya xalqın ayrılmaz bir hissəsini təmsil edən əhali isə “öz müqəddəratını təyinetmə”nin hüquqi subyekti kimi çıxış edə bilməz. Məhz buna görə Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna müraciət etməsi mahiyyət etibarilə adi fırıldaqçılıqdır”. Millət vəkili, politoloq Aydın Mirzəzadə də xalqların öz müqəddəratını təyin etmə məsələsinin həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericilik əsasında müəyyənləşdirildiyini bildirib: “Xalqların öz müqəddəratını təyinetmə deyəndə tarixən öz ərazisi olan, ayrıca dil, mədəniyyət faktoruna malik olan və daxil olduğu ölkənin özünün də razılığlı olduğu halda xalqların öz müqəddəratını təyin etməsi, yəni hansı formada yaşamaq istəməsi başa düşülür. Bu isə həm beynəlxalq hüquq normaları ilə, həm də milli qanunvericiliklə müəyyənləşdirilir. Amma bu, o demək deyil ki, istənilən milli çoxluq artıq özünün müstəqil dövlətini yarada bilər. Bunun üçün mütləq milli çoxluğun tarixi ərazisi olmalıdır, onun daxil olduğu ölkənin razılığı olmalıdır. Üçüncü isə bu müstəqil qurumu beynəlxalq ictimaiyyət tanımalıdır. Xalqın öz müqəddəratını təyin etməsi bu üç faktor əsasında müəyyənləşir. Digər tərəfdən söhbət xalqın müqəddəratından gedir, hansısa bir etnik qrupun müqəddəratından yox. İndiki müasir dövrdə hər bir xalq təkcə öz tarixi ərazisində deyil, dünyanın müxtəlif ölkələrində də yaşayır. Hətta elə xalqlar var ki, bir neçə yüzildir başqa bir dövlətin ərazisində yaşayırlar. Amma bu heç də hər bir toplumun yaşadığı ərazini müstəqil dövlətə çevirməsinə zəmin yarada bilməz”. Konkret olaraq, erməni xalqının öz müqəddəratını təyinetmə hüququna toxunan millət vəkili, adıçəkilən xalqın artıq bir dəfə bu hüququdan istifadə etdiyini dilə gətirib: “Erməni xalqı artıq bir dəfə öz müqəddəratını təyin edib. Tarixi Azərbaycan torpağı olan İrəvan, Zəngəzur, Göyçə ərazilərində özünün müstəqil dövlətini yaradıb. Bu səbəbdən Ermənistanın qonşusu Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni toplumu xalq deyil, bir icmadır. Xalqın özünün dili və yaşadığı torpağa bağlılığı olur. Həmin erməni icmasının isə Azərbaycana təxminən 150 il bundan əvvəl gəldiyi məlumdur. Digər tərəfdən onlar ayrıca bir xalq deyillər, onlar erməni xalqının Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan icmasıdır. Həmçinin yeni müstəqil dövlətlər yaranarkən həmin o toplumun say çoxluğu məsələsi də nəzərə alınır. Bu faktdır ki, Dağlıq Qarabağ ərazisində maksimum 100 min erməni yaşayıb. Azərbaycandan başqa dünyanın bir çox ölkələrində sayı yüz mindən artıq olan erməni icması yaşayır. Məsələn Rusiyanın paytaxtı Moskva şəhərində 1 milyona yaxın erməni yaşayır. Fransada, ABŞ-da, Livanda da çox sayda ermənilər var. Amma bu fakt heç də ermənilərin həmin ölkələrin ərazilərində yeni bir müstəqil dövlət yaratmasına dəlalət edə bilməz. Vacib faktorlardan biri də milli toplumun özünün müstəqil dövlətini elan edərkən onun daxil olduğu dövlət tərəfindən tanınması məsələsidir. Misal üçün vaxtıilə Serbiyaya daxil olan Kosova özünün müstəqilliyini elan edərkən dünyanın bir çox ölkəsi onu tanımadı. Çünki Serbiya Kosovanın müstəqilliyinə razı deyil”.